“Çelsi”nin bəzi futbolçuları “Qarabağ”la oynamayacaq

İngiltərənin “Çelsi” komandasının bir neçə futbolçusu Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turunda “Qarabağ”la oyun zamanı meydana çıxmayacaq. Bu barədə London təmsilçisinin baş məşqçisi Antonio Konte matçdan əvvəl təşkil edilən mətbuat konfransında bildirib. 48 yaşlı italiyalı mütəxəssisin sözlərinə görə, ingiltərəli orta xətt oyunçusu Denni Drinkuoter zədə üzündən meydana çıxa bilməyəcək. Zədəsini yenicə sağaldan belçikalı yarımmüdafiəçi Eden Azar isə “11-lik”də yer almayacaq: “Drinkuoterin əzələsində problem var. Ona görə kənarda qalacaq. Azar oynamağa hazırdır. Lakin belçikalı futbolçu ilə bağlı yersiz risk etmək lazım deyil”. Konte Premyer Liqanın ilk turunda 3 qol vuran və 2 məhsuldar ötürmə edən Alvaro Moratanın da durumuna aydınlıq gətirib. O, ispaniyalı hücumçuya istirahət verməyi düşündüyünü söyləyib: “Morata yaxşı oyunçudur və hazırlıq səviyyəsində irəliləyiş var. Sadəcə olaraq, ötən mövsüm az oyunda iştirak edib”. "Çelsi" sentyabrın 17-də İngiltərə Premyer Liqası matçında "Arsenal"la üz-üzə gələcək. Moratanın məhz bu səbəbdən, "Qarabağ"la oyundan kənarda qalacağı bildirilir. Əvəzində mərkəz hücumçusu mövqeyində Mişi Badşuayinin çıxış edəcəyi gözlənilir. Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək “Çelsi” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.Report

DİGƏR XƏBƏRLƏR

Top