Mingəçevirdə məcburi köçkünlərin binasına sarı su verilir: "İçə bilmirik"

Mingəçevirdə 500-dən çox ailənin məskunlaşdığı qaçqın şəhərciyində mənzillərə verilən su istifadəyə yararsızdır. Sakinlər "Yeniavaz.com" saytına bildirlər ki, su xətlərindən axan maye həm rəngi, həm də dadına görə içməli sudan fərqlənir. Ağdam rayonundan məcburi köçkün olanlar kranlarından gələn suyu süzmədən içmək mümkün olmadığını bildiriblər. Qeyd ediblər ki, çirkli sudan istifadə edən azyaşlı uşaqlarda müəyyən xəstəliklər, yaralar yaranır. Ağdamdan məcburi köçkün Elmidar Rəhimov, Əkrəm Əliyev deyiblər ki, 10 ədəd 9 mərtəbəli binanın yerləşdiyi şəhərciyə içməli su anbara toplanaraq nasoslar vasitəsi ilə verilir.

5 il öncə istifadəyə verilən şəhərciyin sakinlərinin sözlərinə görə, hündür mərtəbəli binalara verilən su içmək üçün yox, suvarma üçün yararlıdır. Sakinlərdən Yaqub Sadiqov deyib: "9-cu mərtəbədə oturub nə suvarırıq ki, bizə belə natəmiz su verirsiniz. Dəfələrlə Mingəçevir Su və Kanalizasiya İdarəsinə müraciət etmişik. Amma sözümüzü eşidən yoxdur. Çirklənməyə səbəb anbarın təmizlənməməsidir".

Yaranmış vəziyyətlə bağlı aidiyyəti qurum olan Mingəçevir Su-Kanal İdarəsinin müdirinə zəng vurduq, amma telefonumuza cavab verən olmadı.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top