Cari ilin avqust ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 12 milyard 860 milyon manat kredit verilib. “Yeniavaz.com” Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 37% və ya 3 milyard 852,6 milyon manat azalıb. Verilən kreditlərin həcmi azalsa da problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi artıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin avqust ayının əvvəlinə problemli kreditlərin həcmi 308,4 milyon manat və ya 20,5% artaraq 1 milyard 812,8 milyon manata yüksəlib.
Qeyd edək ki, avqustun əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 14,1% paya malik olub. Problemli kreditlərin həcmi bugünə kimi qeydə alınan ən yüksək səviyyəyə çatıb. Onu da bildirək ki, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki paya iyul ayının əvvəlində 13%, iyun ayının əvvəlində 11,8%, may ayının əvvəlində 10,3%, aprelin əvvəlində 10,2%, ötən ilin sonunda 9%, bir il bundan əvvəl isə 8,3% olub.
Onu da bildirək ki, milli valyutada verilən 7 milyard 256,6 milyon manatlıq kreditlərin 923,9 milyon manatı, xarici valyutada verilən 5 milyard 604,2 milyon manatlıq kreditlərin isə 888,9 milyon manatı vaxtında geri qaytarılmayıb.