SOCAR “AÇG”dəki payının artmasını istəyir

“SOCAR” BP ilə imzalayacağı yeni müqavilədə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsindəki iştirak payını artırmaq istəyir.

“Reuters" agentliyinin iki mənbədən aldığı məlumata görə, SOCAR-ın BP ilə imzalayacağı yeni müqavilədə “AÇG” layihəsindəki payının artırılması gözlənilir.

Mənbə bildirib: “İlk məlumatlara görə, SOCAR digər şirkətlərin paylarının azalması bahasına payını artıracaq”. SOCAR-ın yeni müqavilə üzrə payının 11,6 faizdən 20 faizə çatdıracağı, BP-nin payının isə 35,8 faizdən 30 faizə düşəcəyi bildirilir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək AÇG layihəsinin reallaşdırılması çərçivəsində 125 milyard 718 milyon ABŞ dolları gəlir əldə edib.

Xatırladaq ki, ötən il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağının gələcək işlənməsi üçün niyyət məktubu imzalayıblar. Bu razılaşma AÇG yatağının 2050-ci ilədək işlənməsini və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əhatə edəcək.

AÇG-də iştirak payları belədir: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), “TPAO” (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz). azərtac

DİGƏR XƏBƏRLƏR

Top