"Kərə yağının 1 tonu quru süd tozunun 1 tonundan 4400 dollar bahadır"

Kərə yağının qiymətinin bahalaşması barədə məlumat vermişdik. "Yeniavaz.com" xəbər verir ki, "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov ölkədə kərə yağının qiymətlərinin artmasına dair çoxsaylı istehlakçı sorğusu aldıqlarını və vəziyyəti araşdırdıqlarını bildirib: "Kərə yağının qiymət artımının 1 nömrəli amili, dünya bazarında kərə yağının qiymətinin qalxması ilə əlaqədardır. 2016-cı ilin iyun, iyul ayları ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə kərə yağının dünya bazarında qiymətləri 100%, yəni 2 qat artıb. Amerika əsasən daxili bazarı təmin edir, Avropa istehsalçıları Avropa və Avropaya yaxın ölkələrə, Okeaniya isə demək olar ki, əksər ölkələrə ixrac edir (Avropa və Amerikaya da). Bəs qiymət artımı nə ilə bağlıdır? İstehsalmı azaldı, əhalimi birdən artdı? Ümumilikdə onu qeyd edək ki, süd istehsalında azalma var. Bu, dünya bazarında süd məhsullarının 2015-ci ilin son 2 rübü- 2016-ci ilin ilk 2 rübündə aşağı olması ilə bağlıdır. Süd məhsulullarının qiyməti aşağı olanda süd istehsal edən fermerlər heyvanlarını satırlar, sahələrini digər məhsul istehsalına uyğunlaşdırırlar. Bu proses çox xoşagəlməz haldır. Belə ki, yenidən süd istehsalına qayıtmaq bir neçə il vaxt aparır.

Lakin südün tərkibində olan yağa tələbat artıb. Bu da yağ istehsalında başlıca məhsuldur. Deməli, kərə yağına tələbat artıb. Tələbatın artımı isə çox insanın marqarin deyilən məhsuldan imtina etməsi və təbii kərə yağı istifadəsinin artrmasıdır. Bunun da 2 səbəbi var. 1-ci səbəb - alimlərin son illər apardıqları tədqiqatlar sübut edir ki, kərə yağı orqanizmə marqarindən daha xeyirlidir və daha az zərərlidir. 2-ci səbəb isə odur ki, insanlar təbii məhsullara daha çox üstünlük verməyə başlayıblar. Azad bazarda da tələb artanda istehsal tələbatı tam ödəyə bilmirsə, qiymətlər artır".

E. Hüseynov qeyd edib ki, bu artım 2016-cı ilin avqustundan bəri başlayıb və bu ilin iyun-iyul aylarında pik həddə çatıb: "Ümumiyyətlə, qapalı dairə mövcuddur. Südün qiyməti aşağı düşərsə, fermer çökür, inəyi ətə çevirir, bundan sonra südün və yağın qiyməti qalxır və ya əksinə".

Ekspert qeyd edib ki, quru süd qiymətləri ilə bağlı vəziyyət isə belədir: "Normal halda yağlı və yağsız quru süd arasında qiymət fərqi hər tona görə 100-200 dollar olur. Hazırda isə yağlı quru süd yağsız quru süddən 1200 dollar bahadır. Bəs bu nədən belədir? Kərə yağına tələbat yüksək olduğundan istehsalçılar daha çox yağ istehsal edirlər və yağlı süd, yağsız südə baxanda daha az miqdarda süd tozuna çevrilir. Bundan başqa, illərlə 1 ton kərə yağının qiyməti yağsız süd tozunun qiymətindən bir az baha olub, 200-1200 dollar arası. İndi isə kərə yağının 1 tonu quru süd tozunun 1 tonundan 4400 dollar bahadır".

DİGƏR XƏBƏRLƏR

Top