“İrma” Fransaya 1,2 milyard avro ziyan vurdu

“İrma” qasırğasının Fransanın Sen-Marten və Sen-Bartelmi adalarına vurduğu maddi ziyan 1,2 milyard avro məbləğində qiymətləndirilir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Fransanın CCR dövlət sığorta xidmətindən deyiblər. Xidmətdən qeyd ediblər ki, bu, təbii fəlakətin evlərə, nəqliyyat vasitələrinə və yerli müəssisələrə vurduğu zərərin nəticəsində hasil olmuş məbləğdir: “Qasırğa Fransa üçün son 35 il ərzində ən dağıdıcılardan biri olub”. Yerli hakimiyyətin hesablamalarına görə, “İrma” qasırğası ötüb keçəndən sonra Sen-Martendə evlərin təqribən 60 faizi yaşayış üçün yararsız vəziyyətə düşüb.

Xatırladaq ki, sentyabrın 6-da beşinci kateqoriyalı “İrma” qasırğası Karib hövzəsi regionunu cənginə alaraq Puerto-Rikonu, eləcə də Böyük Britaniya, Niderland və Fransanın mülkü olan adaları bürüyüb. “İrma” Karib hövzəsi və Meksika körfəzi hüdudlarından kənarda Atlantik okeanında qeydə alınmış ən güclü qasırğadır. “İrma” keçərkən küləyin sürəti saniyədə 72 metri ötüb. Üç aylıq yağıntı norması düşüb. Dənizin səviyyəsi beş metr yüksəlib, dalğaların hündürlüyü isə 12 metrə çatıb. 22 nəfər qasırğanın qurbanı olub.

DİGƏR XƏBƏRLƏR

Top