Mingəçevirdə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Mingəçevir şəhərində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. "Yeniavaz.com" xəbər verir ki, Təhsil Nazirinin müavini Firudin Qurbanov və şəhərin hüquq-mühafizə orqanlarının, Təhsil Şöbəsinin müdiri və Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini əvvəlcə Mingəçevir Dövlət Universitetinin həyətində məktəblilərin əl işlərindən ibarət sərgiyə, texniki yaradıcılıq nümunələrinə, təhsil, idman sahəsində qazanılmış uğurlardan bəhs edən sənədlərə baxış keçiriblər. Daha sonra konfrans öz işinə start verib. Tədbiri açıq elan edən Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov 2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. S. Məmmədov tədris ili ərzində əldə olunmuş nailiyyətlər, mövcud nöqsan və çətinliklər, qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, Mingəçevir Şəhər Təhsil Şöhbəsi 2016-2017-ci dərs ilinə 19 tam orta məktəb, 2 lisey olmaqla cəmi 21 ümumtəhsil məktəbi və 7 məktəbdənkənar tərbiyə müəssisəsi ilə başlayıb. Tədris ilində əldə olunan nailiyyətlərdən söz açan Təhsil Şöbəsinin müdiri bildirib ki, 2016-2017-ci dərs ilində Mingəçevir məktəbliləri fənn olimpiadalarının Respublika mərhələlərinə vəsiqə qazanmış olan 20 nəfər şagirddən 10 nəfəri mükafata layiq yerlər tutaraq 1 qızıl, 4 gümüş və 5 bürünc medal əldə ediblər. Sahib Məmmədov uğurlarla yanaşı, çatışmazlıqların, problemlərin olduğunu da vurğulayıb. Bildirib ki, hələ də təmirsiz məktəblər təmir olunmayıb, ali məktəblərə qəbul zamanı zəif nəticə göstərən məktəblər var.

Daha sonra məruzə ətrafında Texniki Humanitar Liseyin direktoru Nailə Məmmədova, 10 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, əməkdar müəllim Zemfira Məmmədova, şəhər liseyinin şagirdi Rauf Şirinov çıxış etdi. Sonra Təhsil nazirinin müavini F. Qurbanov və Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov çıxış edib. Onlar təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara bu çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıblar.

Sonunda konfransın qətnaməsi qəbul edilib və Şəhər Təhsil Şöbəsinin Təhsilyanı Şurasının tərkibi təsdiq edilib. Bununla da konfrans öz işini başa vurub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top