İcra başçısı təkzib etdi: “Belə bir şey olmayıb”

İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov jurnalist Elçin İsmayıllının məhkəməsində onun barəsində səslənmiş fikirlərə etirazını bildirib. Redaksiyamızla əlaqə saxlayan M.Sadıqov İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin keçmiş rəhbəri Azər Abbasovun dilindən mediada yayılmış fikirləri təkzib edib. İcra başçısı bildirib ki, haqqında mediada dərc olunan yazılar həqiqəti əks etdirmir: “Həmin məhkəmədən yazılmış yazılarda bildirilir ki, guya Azər Abbasov jurnalistə verdiyi pulu məndən aldığını deyib. Bu, absurd fikirdir. Belə bir şey olmayıb. Başqa tərəfdən, mən Azər Abbasovla da danışdım, o, məhkəmədə belə bir söz demədiyini bildirdi”.

M.Sadıqov onu da qeyd edib ki, sözügedən hadisələrin baş verdiyi vaxt o, məzuniyyətdə olub.

Əlavə edək ki, Azər Abbasovun özü də göndərdiyi məktubda məhkəmədəki çıxışı zamanı belə bir cümlə işlətmədiyini bildirib: “Mən Elçinə verdiyim vəsaiti icra başçısı M.Sadıqovdan almamışam və məhkəmədə də verdiyim ifadəmdə elə cümlə işlətməmişəm”.

Qeyd edək ki, hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən jurnalist Elçin İsmayıllı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə ittiham edilir.

O, 2017-ci ilin fevral ayının 17-də İsmayıllı rayonunda həbs olunub. E.İsmayıllı İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur. O, məhkəmədə özünü təqsirli bilməyib və saxlanılarkən üzərində olan 1000 manat pulu illərdir tanıdığı Azər Abbasovdan borc aldığını deyib.lent.az

DİGƏR XƏBƏRLƏR

Top