"Könüllü Qarabağa döyüşməyə gələn əfqanıstanlının problemi həll olunacaq"

90-cı illərin əvvəllərində Qarabağ müharibəsində döyüşmək üçün öz vətənindən - Əfqanıstandan Azərbaycana gələn Seyid Səftər Hüseyni haqqında bir neçə gün öncə "Yeniavaz.com" saytında məlumat vermişdik. Bildirmişdik ki, müharibədən sonra Azərbaycanda qalan və azərbaycanlı xanımla ailə quran S. Hüseyni hazırda Ağcabədi rayonunda yaşayır və 6 uşaq atasıdır. Dediyinə görə, veteran vəsiqəsi olsa da, Qarabağ müharibəsi veteranlarına verilən müavinətini bu illər ərzində ala bilməyib. Hətta bununla bağlı müvafiq qurumlara müraciət də edib, ancaq bir əhəmiyyəti olmayıb.

Müvəqqəti Azərbaycan vətəndaşlığı alan Seyid Səftər nə müavinət üzü görüb, nə ev verilib, nə də maşın.

S. Hüseyni və ailəsi hazırda çox çətin şəraitdə yaşayır, özü gündəlik çörəkpulu qazana bilmək üçün onun-bunun həyətində fəhləlik edir. Onun çox çətin bir şəraitdə yaşadığını üzünə, geyiminə, əllərinə baxanda görmək olur...

Dediyinə görə, ünvanlı sosial yardım da almayıb.

Vaxtilə Qarabağda döyüşmək üçün ölkəmizə gələn, döyüş bölgəsində xidmətlər göstərən, ölümlə üzləşən bir insanın hazırda bu vəziyyətdə yaşaması həqiqətən də çox kədərlidir.

Ona "bu illər ərzində niyə bir neçə günlük də olsa vətəninə gedib valideynlərini, doğmalarını görməmisən" sualı ilə müraciət edəndə bildirdi ki, vətəni üçün çox darıxır, gedib əzizlərini görüb geri qayıtmaq istəyər, amma buna maddi imkanı çatmır": "6 uşağım var. Onları necə qoyub gedə bilərəm? Mən olmasam, onlara kim baxar? Yüküm ağırdır. Maddi imkan yoxdur gedib onları ziyarət edib qayıtmağa. Veteran vəsiqəm var, amma bu günədək veteranlara verilən müavinətdən ala bilməmişəm. Deyirlər sən buranın vətəndaşı deyilsən. Miqrasiya İdarəsi mənə müvəqqəti vətəndaşlıq verib, 5 ildənbir qeydiyyatdan keçirəm. Axı mən burada yaşayıram, həyat yoldaşım, balalarım buralıdırlar, Qarabağ üçün döyüşmüşəm. Fəhlə babayam, fəhləlik edirəm. Hər gün "Fəhlə bazarı"na çıxırıq. Səhər 9-dan axşam 6-dək burada gözləyirik. İş olanda olur, olmayanda gedirik evə. Gündəlik 10, 15 manat qazancım olur. Əlimi görürsünüz, tikan batıb, kol batıb. Ot biçənlə kiminsə həyətinə gedib ot biçirəm. Bir gün daş daşıyıram, bir gün sement qatıram".

Oğlu Məhəmməd Naxçıvandakı N saylı hərbi hissədə xidmət edən S. Hüseyni bir gün ona da şərait yaradılacağına, övladını evləndirə biləcəyini bildirib.

Etiraf edək ki, onun bu günədək heç bir imtiyazdan yararlana, ən azı veteran kimi müavinətini ala bilməməsi həm də onun savadsızlığından irəli gəlir. Elə danışanda özü də bunu vurğulayır...

"Yeniavaz.com" saytı bu məsələ ilə bağlı Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Fizuli Rzaquliyevlə əlaqə saxlayıb. F. Rzaquliyev 90-cı illərin əvvəlində Qarabağ müharibəsində döyüşmək üçün Azərbaycana gələn əfqanlardan bir neçəsinin burada qalması barədə məlumatlı olduqlarını bildirdi. Onun dediyinə görə, həmin əfqanlardan bir çoxuna Azərbaycanda şərait yaradılıb və onlar da imtiyazlardan yararlanan biliblər: "Əgər Səftər Hüseyni bu günədək kənarda qalıbsa, yəqin ki, burada onun özünün savadsızlığı da rol oynayıb. İnanıram ki, bir qədər aktiv bir insan olsaydı, belə olmazdı".

F. Rzaquliyev məsələ ilə bağlı S. Hüseyniyə köməklik göstərməyə hazır olduqlarını bildirdi: "Təşkilatımızın Ağcabədi rayon şöbəsinə bugünlərdə yeni sədr təyinatı olub. S. Hüseyninin təşkilatımıza müraciəti əsasında problemlərinin həllinə istənilən dəstəyi göstərməyə hazırıq. Gələn həftədən etibarən onun sənədləri araşdırılacaq və lazım olarsa, Bakıya göndəriləcək və ya məhkəməyə müraciət olunacaq. Əgər əlavə hər hansı problem yoxdursa, onun bu günə qədər almadığı veteran müavinətini də məhkəmə yolu ilə almaq olar".

DİGƏR XƏBƏRLƏR

Top