BTC ilə nəql olunan Azərbaycan neftinin həcmi azalıb

Bu ilin yanvar- avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə 18 milyon 62 min 280 ton Azərbaycan nefti ötürülüb. "Yeniavaz.com" Dövlət Neft Şirkətinə (SOCAR) açıqlanan məlumata istinadən bildirir ki, avqust ayında isə 2 milyon 484 min 700 ton Azərbaycan nefti nəql olunub.

Bu ilin səkkiz ayında BTC ilə nəql olunan Azərbaycan neftinin həcmi illik müqayisədə 9,6% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il, iyun) 2017-ci il sentyabr ayının 1-ə qədər BTC-yə 339 milyon 600 min 342 ton neft vurulub.

Bundan başqa, avqust ayında BTC kəməri ilə 549 min 434 ton Türkmənistan nefti nəql olunub. Bu isə ötən ilin müvafiq ayından 58,8% çoxdur.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

DİGƏR XƏBƏRLƏR

Top