Ceyhan limanından ixrac olunan neftin həcmi azalıb

Bu ilin avqust ayı ərzində 2 milyon 531 min 737 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb. "Yeniavaz.com" Dövlət Neft Şirkətinə (SOCAR) açıqlanan məlumata istinadən bildirir ki, bu həcmin 1 milyon 733 min 485 tonunu (68%) Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi 17 milyon 239 min 539 ton təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 14% azdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il, iyun) 2017-ci il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 337 milyon 74 min 138 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti BTC boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir.

DİGƏR XƏBƏRLƏR

Top