"Yeni Bakı" sakinlərinin "kupça" problemi: Məhkəməyə üz tutdular

"Məlum olduğu kimi, Bakı şəhərində bir çox tikinti şirkətləri vətəndaşların etibarından sui-istifadə edərək mənzil alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməkdən imtina edirlər. Belə öhdəliklər sırasında mənzillərə dövlət qeydiyyatından keçmiş qanuni sayğacların quraşdırılması, eləcə də mülkiyyət hüququnu təsdiq edən sənədin, (kupça) çıxarışların verilməsi hamımızı qayğılandırır. Adını çəkdiyimiz sənədlər MMC və MTK-lar tərəfindən bu və ya digər səbəblərdən verilmədiyinə görə öz evlərimizdə sanki kirayə həyat sürürük kimi "yaşayırıq"". "Yeniavaz.com" xəbər verir ki, bu fikirlər "Yeni Bakı" sakinlərinin yaydığı müraciətdə yer alıb.

Bildirilib ki, bu sənədlərin verilməməsində birbaşa günahkar MMC-lər və MTK-lar, yəni tikinti şirkətləridir: "Demək olar ki, əksər yeni-tikililərdə sayğac pullarını mənimsəyiblər, halbuki fiziki şəxslərə sayğaclar dövlət hesabına quraşdırılır və bu barədə Azərbaycan Respublikası Prezidentinin məlum fərmanı var. "Azərsu", "Azəriqaz", "Azərişıq" və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə bəhs olunan problemlərlə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, adıçəkilən dövlət qurumları MMC və MTK-lar tərəfindən binaların müvafiq sənədlərini vermirlər, hətta bəzən sanki həmin dövlət qurumları tikinti şirkətlərinə təsir etmək imkanında olmurlar. Bütün bu hallara görə Bakı şəhərində bir çox tikinti şirkətləri və onların rəhbərləri öz layiqli cəzalarını almış, vətəndaşların etibarından sui-istifadə etdiklərinə görə hətta dəmir barmaqlıqlar arasına göndərilmişlər".

Məlumatda sakinlər "İlin Dörd Fəsli" MMC-dən şikayət ediblər: "Bu MMC Abşeron rayonu Masazır qəsəbəsində 3164 mənzilli "Yeni Bakı" şəhərciyini inşa edib. 2008-ci ildən şəhərcik sakinlərlə məskunlaşsa da, hələ də mülkiyyət hüququnu təsdiq edən sənədin (kupça) verilməsi əngəllənir. Bu əngəllərdən yaxa qurtarmaq üçün artıq sakinlər məhkəmələrə üz tutublar. "Yeni Bakı" şəhərciyində sakinlərinin bir qismi (3-cü binanın sakinləri) 07 sentyabr 2017-ci ildə "İlin Dörd Fəsli" MMC-yə qarşı açdığı məhkəmə iddiasında mülkiyyət hüququ (kupça) ilə bağlı məsələləri həll etməyə çalışıb. Lakin "İlin Dörd Fəsli" MMC məhkəmə prosesində tam fərqli mövqe ilə çıxış edib. Belə ki, şirkətin nümayəndəsi Mehman Muradlı" Yeni Bakı" yaşayış kompleksinin onların mülkiyyətində olmadığı haqqında fikirlər irəli sürüb. Qeyd edib ki, "Yeni Bakı" yaşayış kompleksinin mülkiyyətçisi, "Retro" MMC-dir. Halbuki sakinlərin mənzil müqaviləsində yalnız "İlin Dörd Fəsli" MMC-nin adı var, müqavilə sakin və "İlin Dörd Fəsli" MMC-nin direktoru Elnur Fəxrəddin oğlu Hüseynov arasında bağlanıb və möhürlənib. Bu isə sakinlərdə çaşqınlıq yaradıb. 3164 mənzili vətəndaşlara satan "İlin Dörd Fəsli" MMC sakinlərin mülkiyyət hüququnun tanınmasına əngəl olur. Məhkəmə prosesi hələ davam edir, sizləri bu mövzuya diqqətlə yanaşmağa çağırırıq".

DİGƏR XƏBƏRLƏR

Top