Deputatdan "Azərcell" və "Baksell"ə SƏRT TƏNQİD: "Nəzir yığırlar"

"Nəzir qutularının İslam dini ilə əlaqəsi yoxdur və dinlə əlaqələndirilən adət kimi anlamaq daha doğrudur. Yeri gəldi-gəlmədi, bir qutu düzəldib məscidlərin, pirlərin qarşısına düzmək ancaq Azərbaycanda, həm də aldanmaqdan zövq alan bir çox insanlarımız üçün düşünülə bilər". "Yeniavaz.com" saytının məlumatına görə, bunu millət vəkili Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, məscidlərin içində yardım qutularının olması anlaşılandır, çünki hər hansı bir ibadət yerinin məsrəflərini orada ibadət edən dini icma üzvlərinin yardımlaşma şəklində ödəməsi normal bir davranış sayılmalıdır: "Əslində heç məscidlər peşəkar şəkildə nəzir də yığa bilmirlər. Bu işi bəlkə də ən yüksək peşəkarlıqla görən iki şirkət tanıyıram. Fikrimcə, bunlar "Azərsell" və "Baksell"dir. Bu gün yanımdakı dostuma vətəndaşın necə soyulduğunu sübut etmək üçün zəng vurdum. Üç dəfə nömrəni yığdım, hər dəfə də nömrənin şəbəkə xaricində olduğunu bildirdilər. Yanımda oturan adama da qətiyyən bu üç zəngdən biri də gəlmədi. Elə bu zaman telefonuma mesaj gəldi ki, bəs indicə yığdığım nömrə şəbəkəyə qayıtdı. Hər gün yüz minlərlə müştəri üçün təkrarlanan bu qurğu nəticəsində baş verən soyğunçuluq barədə əvvəllər də fikir bildirmişdim. Yaxud da Baksellin müştərinin iradəsinə zidd olaraq göndərdyi ödənişli mesajlar. İndi düşünürəm ki, bunlar əslində müasir texnologiyanın imkanlarından istifadə edərək modern formada nəzir yığmaqdır. Bu cür elektron nəzir formasını qoyub, gedib yapışıblar bəsit formada hazırlanan dəmir nəzir qutularından. Həm də "Azərsell" və "Baksell"in yığdığı nəzirin ən sevindirici cəhəti bilirsinizmi nədir? Tolerantlıq və bərabərlik! Təsəvvür edin ki, bir məsciddə nəzir ancaq müsəlmanların vəsaiti hesabına yığılır, həm də cüzi miqdarda. Ancaq "Baksell" və "Azərsell" tərəfindən elektron formada yığılan nəzir tam da tolerantlıq ənənəmizə uyğundur. Burada fərq qoyulmur, müsəlmansan, xristiansan ya buddustsən, yaxud da, azərbaycanlısan və ya başqa millətsən, əgər mobil operatorun müştərisisənsə, bərabər şəkildə öz nəzirini ödəməlisən. Yəni hər kəs dinindən, irqindən, cinsindən, milliyyətindən, sosial vəziyyətindən asılı olmayaraq canı çıxsa da öz nəzirini ödəməlidir. Beləliklə, nəzirin bu cür modern elektron formasını hamılıqla dəstəkləməyimiz vacibdir, zəruridir, qaçınılmazdır! İtirdiyimiz puldur, qazandığımız isə tolerantlıq".

DİGƏR XƏBƏRLƏR

Top