"Nazirlərin rayonlardakı qəbuluna real şikayətçilər yox, "zərərsizlər" salınır" - İDDİA

"Əvvəllər də biz bir neçə dəfə nazirlərin regionlarda vətəndaşlarla görüşlərinin keçirilməsinə münasibət bildirmişdik. Görüşlərin effektivliyi ilə bağlı problemlər hələ də qalır". "Yeniavaz.com" xəbər verir ki, bunu tanınmış ekspert Osman Gündüz bildirib.

"Gizli deyil ki, bu görüşlərin təşkilinə əvvəlcədən nazirliyin xeyli sayda işçiləri, rayonların icra hakimiyyətlərinin, nazirliyə tabe olan regional qurumların xeyli sayda əməkdaşları və digər resursları səfərbər olunur. Amma müşahidələr göstərir ki, bu tip görüşlərin effektivliyi olduqca aşağı səviyyədədir, görüşə qatılmaq üçün daha çox real şikayətçilər yox, qabaqcadan adları bəlli olan, müəyyən dərəcədə "zərərsiz" olan yerli şəxslər müəyyən olunur",-deyə ekspert bildirib.

O. Gündüz qeyd edib ki, adətən heç birinci şəxslərin özlərinin də bundan, yəni siyahıdan xəbərləri olmur: "Yəni əslində qabaqcadan bəlli olan, müəyyən olunan şəxslər görüşə qatıla bilirlər. Görüş də təbbii ki formal xarakterdə olur, bu qədər resursların səfərbər olunmasına rəğmən effektivlik yetərli olmur. Yaxşı olardı ki, Prezident Administrasiyası görüşlərin formatını dəyişsin. Heç olmasa görüşlərin müəyyən hissəsi nazirliyin internet resursunda, sosial mediada canlı yayımlansın, görüşlə bağlı geniş videomateriallar hazırlansın, digər vətəndaşlar üçün onlayn olaraq görüşə qatılmaq, şikayətlərini çatdırmaq imkanları yaradılsın. Düşünürəm ki, Prezident Administrasiyası şikayətlərin çatdırılması, kütləviliyin təmin edilməsi və hesabatlılıq üçün sosial medianın gücündən daha effektiv istifadə edə bilər".

DİGƏR XƏBƏRLƏR

Top