Zəhmət olan yerdə...

Ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhər ümümtəhsil məktəblərində də yay tətilidir. Bir neçə məktəbə baş çəkirəm. Məni ya məktəbin təsərrüfat müdiri, ya da məktəb işçilərindən biri qarşılayır. Düşüncəli və qayğılı halda Şəhər Təhsil Şöbəsinə gəlirəm. Şöbənin müdiri Rövşən Allahverdiyevlə onun iş otağında görüşürük. Müdir məni gülər üzlə qarşılayanda eynim açılır. Ətraflı söhbət əsnasında müsahibimin xəbəri olmadan mənə lazım olan bütün suallara cavab alıram. Rövşən müəllimə əlavə suallar verməyə ehtiyac qalmır. Söhbətimizin sonunda mənim getməyə hazırlaşdığımı görən müsahibim soruşur ki, nə əcəb gəlmişdin, sözündən, tapşırığından?

Əslində isə mən artıq onunla bu ana qədər olan söhbətimizdən özüm üçün lazım olan məlumatı almışdım.

Öyrənmişdim ki, 2016-2017-ci təhsil ilində Şirvan şəhər ümumitəhsil məktəblərində IX sinifləri 1011 nəfər, XI sinifləri isə 689 nəfər bitirib. Təhsildə qazandığı uğurlara görə şəhər 1 nömrəli məktəb-liseyin məzunu Surə Quliyeva qızıl medala layiq görülüb. Cari ildə 383 məzun ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş, onlardan 276 nəfəri respublikamızın və xarici dövlətlərin elm ocaqlarının müxtəlif ixtisaslarına qəbul olunublar. Bu nəticə ali məktəblərə sənəd verənlərin 70%-ni təşkil edir. Sevindirici haldır ki, abituriyentlərin 30 nəfəri 600-dən, 42 nəfəri isə 500-dən artıq bal toplayıb. Universitetə qəbul olanların 245 nəfəri tam orta məktəbi bu il, qalanları isə keçən il bitiriblər. 36 nəfər məzun respublikamızın müxtəlif orta ixtisas təhsil müəssisələrinə qəbul olunublar. Cari ildə ali məktəblərə qəbul olanların sayı ötən ilki qəbuldan 5% çoxdur. Abituriyentlərin çoxu dəqiq elmlərə üstünlük veriblər.

Bütövlükdə Şirvan şəhəri məktəblərinin və məzunlarının sayına görə Azərbaycan təhsilinə verdiyi töhfə heç də digər şəhərlərimizdən geri qalmır. Gecəni gündüzə qatan, yuxusuz gecələr keçirən məzunlarımız xeyli saydadır. Məsələn, şəhər 18 nömrəli Təbiət Humanitar fənlər təmayüllü məktəb liseyin məzunu Rüstəm Məmmədli 695 bal, 1 nömrəli məktəb liseyin məzunu Əli Yusifov 690 bal, Elvin Qaraşlı 675 bal, Azadə İsrafilova 673 bal, Lamiyyə Abuzərli 667 bal, 21 nömrəli tam orta məktəbin məzunu Mehriban İsmayılova 655 bal, 9 nömrəli tam orta məktəbin məzunu Ləman Quluzadə 653 bal toplayıblar. Qeyd etmək yerinə düşər ki, 600-dən yuxarı bal toplayan 30 nəfər abituriyentin 10 nəfəri 18 nömrəli, 6nəfəri 1 nömrəli tam orta məktəblərin payına düşür. Məktəblər arasında 3-cü yeri 21 nömrəli tam orta məktəb tamamlayır.

Yüksək bal toplayan abituriyentlərdən 3 nəfərlə görüşümüz baş tutdu. Onlardan Mehriban İsmayılova və Ləman Quluzadə Tibb Universititetinə, Zərif Salmanlı Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olduqlarını bildirdilər.

Onu da əlavə edək ki, bir müddət öncə Şirvan şəhər müəllimlərinin avqust müşavirəsi keçirilib. Təəssüflə qeyd edək ki, tədbirdə şəhərimizin bir neçə məktəbinin direktoru qürurla danışa bilmədilər. Onların rəhbərlik etdikləri məktəblər zəif nəticə ənənələrini pozmurlar.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun universitetə qəbul olan gənclərlə təşkil etdiyi görüşdə övladları ilə fəxr eləyən valideynlər də fərəhlə iştirak edirdilər. Tədbirdə yüksək bal toplayan abituriyentlərə qiymətli hədiyyələr də verildi...

Loğman Məmmədov, Şirvan

DİGƏR XƏBƏRLƏR

Top