
"Mən uzun müddətdir sürücüyəm və sistemli şəkildə qaydalara uyğun, intizamlı sürücü kimi həm özümün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ziyan vurmamaq üçün sürücülük fəaliyyətimi davam etdirirəm.
Bu gün bir elektron mesaj almışam. "Asanpay" sistemi radara düşdüyümü və MMX5343383 saylı protokolla 50 manat cərimə olunduğumu bildirir". "Yeniavaz.com" xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu bildirib.
"Məlumatda qeyd olunur ki, 5 sentyabr 2017-ci il saat 16:29:52 də Kürdəmir-Nəvahi yolunun 166-cı kilometrliyində guya 90 km sürət həddi olan yerdə sürət həddini 24 km aşmışam. Halbuki, mənə göndərilən şəkildən də aydın görünür ki, avtomagistralda hərəkət edirəm və yaşayış məntəqəsi geridə qalıb. Son dairəvi yolu da geridə buraxıb, avtomagistralda yol verilən 110 km sürət həddinə uyğun davam edirəm",-deyə hüquqşünas bildirib.
Ə. Əhmədoğlu əlavə edib ki, "Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsində avtomagistralda sürət həddi maksimum 110 km müəyyn edilib: "Əgər bundan aşağı bir sürət tələb olunan hal varsa, o zaman xüsusi işarə ilə sürət məhdudiyyəti göstərilməlidir. Şəkildə də göründüyü kimi dairədən sonra hər hansı məhdudlaşdırıcı işarə yoxdur. Ayrıca yaşayış məntəqəsi də dairədən öncə bitib və dairə məhz yaşayış məntəqəsinin bitişində qurulub.
Aydın şəkildə görünür ki, mənim şəklimi çəkən radarın sürət tənzimləməsi 90 km yox, 110 km olmalı idi. Əgər 90 km müəyyən edilibsə, dairədən maşınadək olan yerdə bu işarə olmalı və şəkildə də aydın görülməli idi. Bir sözlə, bu şəkildən də aydın görünür ki, protokol səhv tərtib olunub. Mən də bu şəkili və izahatı yazılı şəkildə online formada Baş Dövlət Yol Polisi İdarəsinə göndərdim. Nəticəsi ümid edirəm ki, pozitiv olacaq və protokol ləğv olunacaq. Əks halda məhkəməyə getməli olacağam".
Tətbiqimizi yükləyə bilərsiniz