Elçinin Şıxlının sükutunun səsi - Yevlaxda görüş

Yevlax şəhərində Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının ( “Zərdabi” və “Ali Media Mükafatı” laureatı, "Əməkdar jurnalisti". Azərbaycan Jurnalistlər Birliyinin sədri) bölgə jurnalistləri ilə görüşü keçirilib. Giriş sözü ilə tədbiri açıq elan edən tanınmış jurnalist Qulu Məhərrəmli hər kəsi salamlayıb və görüşün keçirilməsinin məqsədini bildirib. Qeyd edib ki, Elçin Şıxlının 60 illik yubileyi ərəfəsində bu görüşü təşkil etmişik və Elçin müəllim bölgə jurnalistlərinin suallarını cavablandıracaq. Tədbirdə iştirak edən təcrübəli qələm sahibləri onları maraqlandıran suallarını Elçin müəllimə ünvanlayıblar. Elçin Şıxlı ona ünvanlanan suallara geniş aydınlıq gətirib. Bildirib ki, Azərbaycanda media sahəsində müsbət istiqamətdə hələ çox dəyişiklərin olması vacibdir.

Tədbir çərçivəsində Elçinin Şıxlının dostları tərəfindən ərsəyə gətirilən “Sükutdan Sitat” kitabının imza mərasimi də keçirilib. Onlar kitaba ön söz olaraq Elçinin yazıları daha çox ətrafımızdakı etinasızlıq, ümidsizlik, inamsızlıq, sükut barədədir yazıblar. Onun bir jurnalist, mütəfəkkir, ziyalı kimi nadir xüsusiyyəti var: o biz görmədiklərimizi görməyi, mahiyyətə varmağı, ürəyin və beyinin ən dərin qatlarına enməyi, hətta sükutdan da sitat gətirməyi bacarır.

Tədbirin sonunda bugünkü jurnalistkanın vəziyyəti ilə bağlı Qulu Məhərrəmlidən müsahibə aldıq. O bildirdi ki, media sahəsində çalışan adamları iki yerə bölmək olar: “Onların birincisi üzdə olan, həddindən artıq tez-tez ekranlarda görünən və mahiyyətcə cəmiyyətə çox ciddi mesajlar verə bilməyən adamlardır. Sadəcə, bunların əlində imkan var, sadəcə özlərini təbliğ edə bilirlər. Bir də o adamlar var ki, əllərində cüzi imkanlar var, onlar cəmiyyətin mənafeyi üçün, xeyri üçün yazırlar və cəmiyyəti irəlilətməyə çalışırlar. Elçin Şıxlı Azərbaycan mediasında öz siması, öz səsi, öz şəxsiyyəti, öz yaradıcılıq üslubu olan bizim jurnalistlərimizdəndir. Həm də böyük bir nəcib nəsli təmsil edir”.

Daha sonra o deyib: “Mən hesab edirəm ki, bu cür görüşlər bölgədə çox olmalıdır. Burada səsləndirilən suallar, problemlər bizi maraqlandırır və bu günün nəbzini tutmağa sövq edir. Mən bu cür görüşlərin tez-tez keçirilməsini arzulayıram. Ona görə ki, biz bir-birimizlə xəbər tuturuq, düşüncələrimizlə tanış oluruq. Bizə elə gəlir ki, əgər bu bölgədirsə, guya burada xəbərsizlik var. Amerikanın vitse-prezidenti Albert Korun bir yaxşı sözü var. O deyir ki, əyalət o yerdir ki, ora məlumat getmir, informasiya olmayan yer əyalətdir. Sən ola bilər ki, Bakıda yaşayasan, amma sənin evinə heç bir xəbər gəlmirsə, deməli, sən əyalətdə yaşayırsan. Bax, o baxımdan bu görüş, fikir mübadiləsi həm də ünsiyyətin dairəsini genişləndirir. Elçinin kitabının adı da mənalıdır. Yəni yaxşı jurnalist odur ki, o yazmayanda da, danışmayanda da bilirsən ki, nədən danışır, sükutun özü də bir ifadə tərzidir. Çox xoş oldu ki, bu bölgədə yaşayan ziyalıların səsini duyduq, narahatlığını duyduq və eyni zamanda problemlərə münasibətini öyrəndik. Çünki sualları verəndə həm də sualların içində mövqe gizlənir və o mövqeni hiss edirsən ki, hamımız problemləri eyni cür duyuruq”.

Bugünkü görüşlə bağlı Elçin Şıxlının da münasibətini öyrəndik. O, bu görüşdən çox zövq aldığını dilə gətirdi: “Mən belə düşünürdüm ki, sual vermək istəyənləri gərək bir az tərpədəsən, amma bu günkü auditoriyada heç kimi tərpətmək lazım deyildi, əksinə, hamı özü məni tərpətmək istədi”.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top