Tanınmış vəkil: "İlk dəfədir özümü udduğum məhkəməyə görə "günahkar" kimi hiss edirəm"

"İşə bərpa və əmək haqqının ödənilməsi barədə" 2 işdə işçiləri məhkəmədə müdafiə etdim. Uzun əziyyətlərdən sonra hər ikisi bu ilin avqust ayında işə bərpa olundu". "Yeniavaz.com" xəbər verir ki, bunu tanınmış vəkil Azər Quliyev bildirib. Azər Quliyev bu proseslərlə bağlı iki maraqlı məqama diqqət çəkib: "Münasibətləri isə fərqli oldu. Uşaq bağçasına işə bərpa olunan xanımın həm özü, həmdə onu müdafiə edən valideynlər hər zaman bu müdafiədə mənə kömək və dəstək oldular, hər zaman mənə təşəkkür etdilər. BP-yə bərpa olunan işçi isə bir dəfə də olsun iclaslarda iştirak etmədi, müxtəlif bəhanələrlə özünə aid olan iclaslara gəlmədi, bilmirəm, nədənsə məndən də narazı qaldı, bir dəfə də olsa mənə təşəkkür etmədi, bir neçə dəfə isə bu işi İ.Ə. adlı bir müəllimin həll etdiyini bildirdi. Hətta, məhkəmədə uduzduğumuz işlərdə belə bu cür nünasibət görməmişəm. Birinci dəfədir ki, özümü udduğum işdə günahkar kimi hiss edirəm. Mənim hüquqi xidmətimi heçə çıxaran "müəllimin" köməyinin nədən ibarət olmasını isə müvafiq qaydada araşdıracam, çalışacam ki, haqq yerini alsın. Bu işdə olan əziyyətlərimi və xidmətlərimi isə bu adama halal etmirəm".

Vəkil qeyd edib ki, belə hallarla əvvəl də üzləşib: "Bizim təşkilat və mən bir nəfərə hüquqi yardım göstərirdik, xarici şirkətə qarşı. İşçinin şirkətə qarşı və şirkətin də işçiyə qarşı iddiaları üzrə 5 məhkəmə prosesi oldu, uzun və əziyyətli məhkəmə prosesləri oldu, çox əziyyət çəkdik. Bütün məhkəmə proseslərində işçinin xeyrinə qərarlar qəbul edildi. Sonda mənə "sağ ol" demək əvəzinə nə desə yaxşıdır - bildirdi ki, həyat yoldaşı olmasaydı, biz bu məhkəmə işlərini uda bilməzdik, guya o çox savadlı imiş, halbuki, hüquqi savadı bir yana, yoldaşı bir cümləni belə düzgün yaza və ya tələffüz edə bilmirdi. Mənim kömək etdiyim insanların arasında belələri də olur. İşləri düzələndən sonra sənin çəkdiyin əziyyətlər yadlarından çıxır, hər uğuru özlərinin və ya hansısa adamların adlarına çıxırlar".

DİGƏR XƏBƏRLƏR

Top