Lavrov: “Qərb təkliflərimizi qəbul etsəydi, Dağlıq Qarabağ və Dnestryanı münaqişələr həll olunardı”​ - ŞƏRHLƏR

"Qərb bizim təkliflərimizi qəbul etsəydi, Dağlıq Qarabağ və Dnestryanı münaqişələr çoxdan həll olunardı". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbə heyəti ilə görüşündə deyib. O bildirib ki, NATO-nun avroatlantik regionda hərbi-siyasi vəziyyətin dəyişdirilməsi istiqamətində israrlı səyləri, o cümlədən Rusiya ilə həmsərhəd ərazilərdə hərbi mövcudiyyətini və infrastrukturunu gücləndirməsi xüsusi həyəcan doğurur.

"Yeniavaz.com" xəbər verir ki, azərbaycanlı politoloqlar Lavrovun bu fikrini şərh ediblər.

Politoloq Elxan Şahinoğlu məsələyə belə münasibət bildirib: "Lavrov yəqin demək istəyib ki, NATO Şərqə doğru genişlənməsəydi, Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramını irəli sürməsəydi və ya ABŞ Şərqi Avropada raketlərdən müdafiə sistemləri yerləşdirməsəydi, Dağlıq Qarabağ münaqişəsi həll olunacaqdı. Dağlıq Qarabağ münaqişəsinin yuxarıda sadalanan mövzulara nə dəxli var? Nə Ermənistan, nə də Azərbaycan NATO-ya üzvlüyə can atır, ərazilərində Qərbin hərbi bazaları da yoxdur. Qərb Cənubi Qafqazda yalnız Gürcüstanda varlığını qoruyur. Rusiya istəsə Dağlıq Qarabağ münaqişəsinin həllini bir günün içində sürətləndirə bilər. Vassalı olan Ermənistan hakimiyyətinə deməlidir ki, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldın. Kreml bunu İrəvana demək istəmir və münaqişənin uzanmasına görə topu Qərbə atır. Bəli, Qərb Ukraynanı və Gürcüstanı Rusiyadan uzaqlaşdırıb, eyni sözləri Azərbaycana və Ermənistana şamil etmək mümkün deyil. Qərb Rusiyanın bütün təkliflərini qəbul etsəydi belə Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyəcəkdi. Qərblilər özləri deyirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyadan asılıdır. Ona görə də Qərbi bizə "xoxan" kimi sırımasınlar. Azərbaycanda buna yalnız rusiyapərəst "5-ci kolon" inanar və başqalarını da bu mifə inandırmağa çalışar".

Analitik Şahin Cəfərli isə Lavrovun açıqlamasını belə şərh edib: "Lavrov demək istəyir ki, Qərb Rusiyanın öz nüfuz sahəsi saydığı regionlara, ən başda postsovet məkanına müdaxilə etməyə çalışmasaydı, Moskva bu münaqişələri yaratmayacaqdı və davam etdirməyəcəkdi. Yəni bu ərazilərdə separatizm ocağı Qərbin Rusiya sərhədlərinə doğru irəliləməsinə mane olmaq məqsədilə alovlandırılıb.

Putin Rusiyası 2-ci dünya savaşından sonra olduğu kimi, Qərblə nüfuz dairələrini bölüşdürmək niyyətini heç vaxt gizlətməyib, hətta bunu rəsmi təklif şəklində masaya qoyub. Bu təklif 2008-ci ilin iyununda Rusiya tərəfindən irəli sürülən "Avropanın Təhlükəsizliyi haqqında Müqavilə"də əksini tapıb. Orada "vahid və bölünməz təhlükəsizlik" konsepsiyasından bəhs olunurdu və bildirilirdi ki, müqavilənin hər bir iştirakçısı tərəfindən istənilən addım digərlərinin təhlükəsizlik maraqları nəzərə alınaraq atılmalıdır. Yəni NATO və Avropa Birliyi şərqə doğru genişlənməməlidir, ən azı postsovet məkanı Rusiyanın təsir dairəsindəki region olaraq tanınmalıdır. Təklif 1 il sonra Rusiya prezidenti Dmitri Medvedevin BMT Baş Assambleyasındakı çıxışında da səsləndirildi. Zəif olan tərəfin güclü ilə paritetə nail olmaq niyyətini əks etdirən bu təklifi Qərb qəbul etmədi. Rusiyanın Gürcüstan və Ukraynaya hücumu bu anlaşılmazlığın birbaşa nəticəsi idi.

Bu gün Rusiya yenidən Qərblə masaya oturub, həmin şərtlər əsasında anlaşmaq istəyir. (Yalta-2 variantı.) Qərbin mövqeyi ortada olduğu üçün bu barədə uzun yazmağa ehtiyac yoxdur. Rusiyanın hərbi bazalarla çevrələnməsini, onun sərhədlərində intensiv hərbi təlimləri, postsovet ölkələri Gürcüstan və Ukraynaya dəstəyin artmasını görürsünüz. ABŞ dövləti (burada ABŞ dövləti ilə ABŞ prezidentini ayırmaq lazımdır) Rusiya ilə belə bir alverin qəti əleyhinədir. Avropada bu alverə tərəfdar olan ayrı-ayrı siyasi qüvvələr var, lakin institutlaşmış Avropa buna qarşıdır. Avropa Birliyinin 2016-cı ilin iyununda açıqladığı xarici siyasət və təhlükəsizlik siyasəti üzrə yeni qlobal strategiyada postsovet məkanının Rusiyanın maraq zonası kimi tanınması rədd edilir və bildirilir ki, AB-nin şərq qonşuları öz gələcəyini özləri müəyyən etməlidir.

Lakin acı olan məqam budur ki, Azərbaycan kimi kiçik dövlətlər hələlik öz taleyini müstəqil həll etmək imkanından məhrumdur. Rusiya etnik-ərazi münaqişələrini "yaxın xaric" adlandırdığı bu ərazilərdə öz təsirini qorumaq və Qərblə alver predmeti kimi əlinin altında saxlayır. Taleyimiz böyük ölçüdə Rusiya-ABŞ rəqabətinin nəticələrindən asılıdır".

DİGƏR XƏBƏRLƏR

Top