Dərman satmaq üçün 2250 manat, gimnaziya açmaq üçün isə 2000 manat rüsum ödəmək lazımdır

Bildiyimiz kimi bəzi sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq orqanlardan lisenziya almaq lazımdır. "Yeniavaz.com" xəbər verir ki, hazırda dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, digər sahibkarlıq fəaliyyəti növünə lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilir.

Qeyd edək ki, lisenziya almaq üçün sahibkarlar müəyyən məbləğdə rüsum ödəyirlər. Lisenziyanın verilməsi üçün dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri və məbləğləri "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsi və Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilib.

Məlumat üçün bildirək ki, "ən bahalı" sahə bank və sığorta fəliyyəti hesab olunur. Bank və sığorta fəaliyyəti üçün icazənin qiyməti 11000 manat təşkil edir. Ancaq bank olmayan kredit təşkilatı açmaq istəyirsinizsə bundan 20 dəfə az - 550 manat, sığorta agenti kimi (fiziki şəxslər) fəaliyyət göstərmək istəyirsinizsə bundan 50 dəfə az - 220 manat rüsum ödəməlisiniz. "Bahalı" sahələr arasında mobil rabitə xidmətləri, birja, teleradio yayımı, alkoqollu içkilərin idxalı və gömrük ərazisindəki ticarət fəaliyyətləri yer alır. Ən "ucuz" fəaliyyət növləri isə baytarlıq preparatlarının satışı ilə bağlıdır. Bu fəaliyyət növü üçün verilən lisenziyanın qiyməti cəmi 220 manat təşkil edir.

Lisenziyalar üçün tələb olunan rüsumlar arasında təzadlı məqamlar da mövcuddur. Məsələn, təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması ilə bağlı fəaliyyətə icazə vermək üçün 550 manat rüsum tələb edir. Eyni zamanda fərdi ovçuluq təsərrüfatlarının təşkili üçün 500 manata lisenziya almaq mümkündür. Başqa bir maraqlı məqam odur ki, dərman satmaq üçün 2250 manat tələb olunduğu halda, lisey və gimnaziya açmaq üçün 2000 manat rüsum ödəmək lazımdır. Rüsumlar arasında diqqət çəkan təzadlardan biri də odur ki, radioaktiv tullantıların saxlanılması və basdırılması ilə məşğul olmaq istəyənlərdən cəmi 550 manat rüsum alınır. Halbuki, özəl müfafizə xidməti fəaliyyətinə 1500, attraksionların istismarına isə 1250 manat rüsum tələb olunur.

DİGƏR XƏBƏRLƏR

Top