Yasamalda 6 min manatdan satışa çıxarılan 25 kv.m-lik obyekt 12 min manata satılıb

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün hərrac keçirib. Hərracda özəlləşdirilən əmlaklardan biri kiçik dövlət müəssisəsi, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, biri isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlakların hamısı Bakıda yerləşir. "Yeniavaz.com" xəbər verir ki, bu barədə komitədən məlumat verilib. Paytaxtda özəlləşdirilən kiçik dövlət müəssisəsi Suraxanı rayonunda yerləşən 55 saylı hamam olub. Adı çəkilən əmlak torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. Həmin obyektin ümumi faydalı sahəsi 550 kv.m-ə yaxın, torpaq sahəsi isə 1 656 kv.m təşkil edir.

Özəlləşdirilən qeyri-yaşayış sahələrindən 5-i Yasamalda, 2-si Xətaidə, digərləri isə Nəsimi, Nizami və Suraxanıda yerləşir. Paytaxtın Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 25,2 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 6 min manat olsa da, ən son 12 min manat təklif edilib.

Bundan başqa, eyni tendensiya Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsinin hərracında da müşahidə olunub. Belə ki, sahəsi 16,6 kv.m əmlakın ilkin start qiyməti 2 500 manat olsa da, ən son təklif 4 600 manatadək yüksəlib.

Hərracda qeyri-yaşayış sahələri içərisində ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşən əmlak olub. Həmin əmlakın ümumi faydalı sahəsi 20 kv.m təşkil edir. Ən ucuz qiymətə özəlləşdirilən əmlak isə paytaxtın Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 17 kv.m-dir. Budəfəki hərracda özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 10,7-70 kv.m arasında dəyişib.

Qeyd edək ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Xətai rayonunda yerləşən, sahəsi 11 kv.m-ə yaxın olan qeyri-yaşayış obyektidir. Özəlləşdirilən nəqliyyat vasitəsi isə "KaMAZ" markalı avtomobildir.

DİGƏR XƏBƏRLƏR

Top