Kimin nə qədər nefti və qazı var? CƏDVƏL

Azərbaycanın təsdiq edilən neft ehtiyatlarının həcmi 7 milyard barel, qaz ehtiyatlarının həcmi isə 1,3 trilyon kubmetr təşkil edir. "Yeniavaz.com" Neft İxrac Edən Ölkələr Birliyi (OPEC - The Organization of the Petroleum Exporting Countries) tərəfindən açıqlanan hesabata istinadən bildirir ki, bu göstəricilər dünyadakı ümumi neft ehtiyatlarının təxminən 0,46%-i, qaz ehtiyatlarının isə təxminən 0,6%-ni təşkil edir. Bəs görəsən dünyadakı ümumi ehtiyatlardan digər ölkələrin payına nə qədər neft və qaz düşür?

Dünyadakı neft ehtiyatlarının yarıdan çoxuna İran və ərəb ölkələri sahibdir

Neft ehtiyatlarının həcminə görə Venesuela dünyada lideridir. Bu ölkənin təsdiq edilən neft ehtiyatlarının həcmi 302 milyard bareldən artıqdır. Dünyadakı ümumi neft ehtiyatlarının 20,2%-i bu ölkənin payına düşür. İkinci yerdə 266,2 milyard barellə Səudiyyə Ərəbistanı gəlir. Dünya sıralamasında növbəti yerləri İran (157 milyard barel), İraq (149 milyard barel) və Küveyt (101 milyard barel) tutur. Birləşmiş Ərəb Əmirliklərinin neft ehtiyatları 98 milyard barelə, Rusiyanın ehtiyatları isə 80 milyard barelə bərabərdir. Dünyadakı ümumi ehtiyatlarının 2%-nə sahib olan Qazaxıstanın payına 30 milyard barel neft düşür. Danimarka, İtaliya, Türkmənistan, Özbəkistan, Tunis, Bruney və Tailand neft ehtiyatlarının həcminə görə dünya sıralamasında sonuncu yerləri bölüşürlər. Bu ölkələrin hər birinin təqribən 500-600 milyon barel neft ehtiyatı var. Qeyd edək ki, neft ehtiyatlarının 77%-i OPEC ölkələrinin payına düşür. Keçmiş sovet ölkələri isə ümumi ehtiyatların 8%-nə (120 milyard barel) sahibdir.

Ən çox qaz ehtiyatları şimal və cənub qonşularımızın payına düşüb

Hazırda Rusiya dünyanın ən çox təbii qaz ehtiyatına sahib olan ölkəsidir. Rusiyanın təsdiq olunan qaz ehtiyatlarının həcmi 50,5 trilyon kubmetr təşkil edir. Dünyadakı ümumi qaz ehtiyatların 25%-dən çoxu şimal qonşumuzun payına düşür. Qaz ehtiyatlarının həcminə görə, dünyada ikinci yerdə cənub qonşumuz - İran gəlir. Bu ölkənin təsdiq olunan qaz ehtiyatlarının həcmi 33,7 trilyon kubmetrə bərabərdir. Ehtiyatlarının həcminə görə, dünyanın üçüncü ən böyük dövləti olan Qətərin payına isə 24 trilyon kubmetr qaz düşür. Qeyd edək ki, dünyadakı mövcud 200 trilyon kubmetrlik ümumi qaz ehtiyatlarının yarıdan çoxuna (54%) üç dövlət - Rusiya, İran və Qətər sahibdir. Qaz ehtiyatlarının həcminə görə dünya sıralamasında Türkmənistan 9,8 trilyon kubmetrlə dördüncü, ABŞ 9,1 trilyon kubmetrlə beşinci, Səudiyyə Ərəbistanı isə 8,6 trilyon kubmetrlə altıncı sırada qərarlaşıb. Ən az qaz ehtiyatları Ekvadorun payına düşüb. Bu ölkənin təsdiq olunan qaz ehtiyatlarının həcmi cəmi 11 milyard kubmetrə bərabərdir. Maraqlı məlumatlardan biri də odur ki, OPEC-in hesabatında Ermənistanda 18 milyard kubmetr həcmində təbii qaz ehtiyatlarının mövcud olduğu qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top