"Testin ləğvi ilə bağlı məlumatlar yayılandan sonra bəzi maraqlı tərəflər fəallaşıb"

"Test sisteminin ləğv oluna biləcəyi ilə bağlı məlumatların yayılmasından sonra bəzi maraqlı tərəflərin fəallaşması mənə bir müddət öncə də baş verən oxşar bir prosesi xatırlatdı". "Yeniavaz.com" saytının xəbərinə görə, bunu tanınmış ekspert Osman Gündüz bildirib.

"Məlum olduğu kimi, bir neçə ay öncə "Təhsil haqqında" qanuna dəyişiklik edildi. Bu dəyişiklik ali təhsil sistemində ödənişli hazırlıq qruplarının yaradılmasını nəzərdə tuturdu. Məqsəd də ölkədə ali məktəblərə daxil ola bilməyən gənclərin xaricə axınının qarşısını almaq idi. Bu dəyişikliyə görə hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar. Xatırlayıram ki, bu dəyişiklik ciddi müzakirələrə səbəb oldu, xüsusən də test sisteminin əleyhinə olanlar bunu gündəmdə saxlamaq üçün ciddi səylər göstərirdilər. Amma birdən birə sanki hər şey dondu. Bu mövzu bir anda unuduldu. Bilirsiniz niyə? Çünki qanun qəbul olunandan dərhal sonra Prezident bu qanunun tətbiqi və DİM Nizamnaməsinə dəyişikliklərlə bağlı bir Fərman verdi. Bu Fərmana görə hazırlıq qruplarında buraxılış imtahanlarının keçirilməsi mövcud qəbul qaydaları çərçivəsində DİM-ə tapşırıldı. Vəssalam.

Bununla da bəzi maraqlı tərəflərin gözləntilərinə son qoyuldu və mövzu bir anda bağlandı. Yəni, bu o deməkdir ki, baxmayaraq ki, imtahanlardan kəsilən xeyli sayda abituriyentlərimiz xaricə üz tuturlar və həqiqətən də bizim ali təhsil müəssisələrimiz bu prosesdə resurslar itirirlər, buna rəğmən ali hakimiyyət hazırkı oturuşmuş qəbul sistemini, mərkəzləşməni dəyişmək istəmədi. Təbii ki, bu zaman ölkənin təhsil sahəsində milli maraqları əsas götürülüb. Odur ki, düşünmürəm ki, yaxın perspektivdə test üsulu ləğv edilsin. Güman ki DİM və Təhsil Nazirliyi mövcud test sisteminin daha da təkmilləşdirilməsində vahid bir mövqeyə gələ biləcəklər.

Yeri gəlmişkən, düşünürəm ki, yeni model adlandırılan, ictimai maraq kəsb edən bu platformanın dar çərçivədə deyil, ekspertlərin və mütəxəssislərin iştirakı ilə müzakirəsinin keçirilməsi daha faydalı ola bilərdi".

DİGƏR XƏBƏRLƏR

Top