Bakıda tozlu hava ilə bağlı XƏBƏRDARLIQ: "Maskalardan istifadə edin"

Bir neçə gündür Bakı və Abşeron yarımadasında tozlu hava müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti bununla bağlı operativ iş rejiminə keçib. Müşahidələr aparılır, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumatlar açıqlanır. Müşahidə olunan toz dumanı Azərbaycana Türkmənistan ərazisindən gəlib. Tozun miqdarı sanitar normadan artıqdır.

Nazirlikdən bildirilib ki, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar 26 avqust 2017-ci il tarixinədək atmosfer havasında tozun miqdarının artacağı proqnozlaşdırılır.

Bəs tozlu hava böyüklərdə və uşaqlarda hansı fəsadlara səbəb ola bilər? Tibb elmləri namizədi, allerqoloq Səxavətdin Axundov bununla bağlı "Yeniavaz.com" saytına açıqlama verib.

S. Axundovun sözlərinə görə, tozlu hava faringiti olan insanlara çox mənfi təsir göstərir: "Belə hava faringiti kəskinləşdirir. Toz-torpaqlı hava birinci növbədə kimdə faringit varsa, onun kəskinləşməsinə səbəb olur. Bundan əlavə, bitki tozu allergiyası kimdə varsa, mexaniki tozlar onu qıcıqlandırır və bitki tozu oradan daha çox keçir. Bu isə kəskinləşməyə gətirib çıxarır".

Allerqoloqun sözlərinə görə, belə günlərdə həm uşaqlar, həm də böyüklər açıq havada çox olmamalıdırlar: "1-5 yaş arası uşaqlara bu hava o qədər də təsir etmir. Bildiyiniz kimi, allergiya uşaqlarda 2-3 yaşdan sonra formalaşmağa başlayır. Buna görə də uşaqlara tozlu hava o qədər də təsir etmir, böyüklərə daha çox təsir göstərir. Dediyim kimi, xroniki faringiti və bitki allergiyasını kəskinləşdirir. Belə havada mümkün qədər təmasdan qaçmaq lazımdır. Tozdan qorunmaq üçün maskalardan, tənziflərdən istifadə etmək, həmçinin tez-tez boğazı yaxalamaq, burunu yumaq lazımdır ki, tozlar orada qalıb qıcıqlanma verməsin. Belə havalarda qapalı məkanlarda olmaq tövsiyyə olunur".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top