"Azərbaycanda ali təhsilinin inkişafı, peşəkar kadrların hazırlanması üçün mükəmməl bir layihə həyata keçirilir. Bu da Azərbaycan brendi olan SABAH qruplarıdır". "Yeniavaz.com" xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov bildirib.
Onun dediyinə görə, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb: "Yarandığı gündən etibarən SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olanlar üçün gündə 3 dəfə qidalanma daxil olmaqla ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha cazibədar namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edirdi. Amma çox təəssüflə qeyd etmək istəyirəm ki, artıq imkanı zəif olan tələblərə yaradılmış bu gözəl şərait və imkanlar ləğv olunur. Maddi vəziyyəti o qədər də yaxşı olmayan minlərlə tələbə bu layihədən istifadə edərək həm yüksək səviyyədə təhsil alırdı, həmdə yaşayış və digər məsələləri həll edirdi.
Yeni tədris ilindən etibarən SABAH qrupunda təhsil alan tələbələrin bütün imtiyazları dayandırılır. Hesab edirəm ki, onsuzda yaxşı vəziyyətdə olmayan ali təhsil müəssisələrinin kadr hazırlığına vurulan zərbədir. Tələbələrə edilən güzəştlər dayandırılmamalıdır, onlara verilən imkanlar davam etdirilməlidir. Çünki orda təhsil alan tələbələrin maddi imkanları tələbləri qarşılamağa imkan vermir".