Xarici ölkələrə ən çox pomidor satırıq

Bu ilin 7 ayı ərzində qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində mal ixrac olub. "Yeniavaz.com" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”na istinadən bildirir ki, ixrac əməliyyatlarında 1333 subyekt iştirak edib. Bu ilin 7 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistanın adı var. Belə ki, 2017-ci ilin 7 ayı ərzində Rusiyaya 311, Türkiyəyə 178, Gürcüstana 78, İsveçrəyə 77 və Türkmənistana 38 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. Dövlət Gömrük Komitəsinin 7 aylıq məlumatlarının təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor (tomat) (127,9 milyon ABŞ dolları), ikinci yeri qızıl (60,7 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (54,4 milyon ABŞ dolları) tutur. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin 7 ayı ərzində pambıq lifi ixracı 8.3 dəfə, elektrik enerjisi 3.2 dəfə, çay 60 faiz, meyvə-tərəvəz 42 faiz, kimya sənayesi məhsulları 30 faiz, alüminium və ondan hazırlanan məmulatlar 29 faiz, spirtli və spirtsiz içkilər 26 faiz, plastmassa və onlardan hazırlanan məmulatlar 12 faiz artıb. 2017-ci ilin iyul ayına gəldikdə isə qeyd edək ki, ötən ay qeyri-neft sektoru üzrə 459 subyekt tərəfindən 117 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top