Azərbaycanın daha bir kəndində kolxoz sistemi hələ də qalır - FOTO

Dağlar qoynunda salınan bu kənd təmiz havası, sərin bulaqları ilə yanaşı, kolxozun qalması ilə də fərqlənir. Goranboyun ucqar kəndlərindən olan Rus Borisi də belə kəndlərdən biridir. "Yeniavaz.com" xəbər verir ki, yaşayış məntəqəsi rayon mərkəzindən təqribən 50 kilometr uzaqlıqda yerləşir. Kəndə girəndə insanı səliqəli inşa olunan taxta evlər, bəzəkli eyvanlar, düz küçələr və bir-birinə paralel əkin sahələri qarşılayır. Rus Borisində illər öncə yaradılan kolxoz hələ də saxlanır. İnsanlar kollektiv şəkildə əkib becərir, mal-qara saxlayırlar. Hazırda sahələrdə kartof yığımı aparılır.

Kənd sakinləri Zahid Novruzov, Museyib Şirinov deyirlər ki, hazırda kənddə 26 ailədə 70-dən artıq rus yaşayır. Ruslar burada öz adət-ənənələrini də qoruyub saxlayıblar. Rus Borisində mərkəzə yaxın kəndlərdə olduğu kimi işıq, qaz daimdir. Kalinin adını daşıyan kolxozda sakinlər kollektiv şəkildə işləyib həm maaş alır, həm də yığılan məhsuldan pay götürürlər. Kəndin icra nümayəndəsi Andrey Karupkin bildirir ki, kəndin ümumilikdə 500 hektar torpaq sahəsi var, onun 200 hektarı kolxoza məxsusdur. Kolxozun 9 nəfər daimi işçisi var. Əkin-biçin mövsümündə isə kənddən daha çox insan işə cəlb olunur. Kolxozda əsasən taxıl, kartof və kələm becərilir.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top