Bakı və Abşeron yarımadasında tozun miqdarı normanı 40 faiz ötdü

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. Nazirlikdən "Yeniavaz.com" saytına verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 23 avqust 2017-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb. Xatırladaq ki, saat 12:00-da bu göstərici 32 faiz təşkil edirdi.

***

Bakının üzərini toz bürüyüb. "Yeniavaz.com" saytının məlumatına görə, əvvəllər də bir neçə dəfə belə hal müşahidə olunsa da, bu dəfə toz daha qatı olması ilə diqqət çəkir. Toz səhər saatlarından müşahidə olunmağa başlayıb. Bir çox insanlar toz evlərinə, maşınlarına dolmasın deyə evlərin pəncərələrini, maşınların şüşələrini bağlamaq məcburiyyətində qalıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Yeniavaz.com" saytına bildirilib ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən gəlib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 23 avqust 2017-ci il tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır".

Nazirlikdən bildirilib ki, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar 26 avqust 2017-ci il tarixinədək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 23 avqust 2017-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 20 faiz, saat 12:00-da isə bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb", - deyə nazirliyin məlumatında bildirilib.

Şəhərin müxtəlif yerlərindən çəkdiyimiz fotoları təqdim edirik.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top