Adı Prezidentin əfv siyahısından çıxarılan şəxsə BƏRAƏT VERİLİB

Bir müddət öncə onun haqqında müxtəlif xəbərlər yayıldı. Məsələn, iddia olunurdu ki, Adı Prezident İlham Əliyevin əfv sərəncamında əfv olunanların siyahısında olsa da, sonradan dəyişiklik edilib. "Yeniavaz.com" xəbər verir ki, söhbət Mahmudov Elvin Bəxtiyar oğlundan gedir. Onun yaxınları bildirirdilər ki, siyahıda Mahmudov Elvin Bəxtiyar oğlunun adı verilsə də, sonradan dəyişiklik edilib və onun yerinə 1992-ci il təvəllüdlü Mahmudov Elvin Habil oğlunun adı yazılıb.

Lakin Penitensiar Xidmət bu məlumatlar yayılandan sonra açıqlama yaydı və bu məlumatların yalan olduğunu bildirdi. Pentensiar Xidmət Mahmudov Elvin Bəxtiyar oğlunun adının siyahıda yer almadığını açıqladı. Qəribədir ki, həmin dövrdə "google"də axtarış verəndə siyahıda məhz Mahmudov Elvin Bəxtiyar oğlunun ad-soyadı çıxırdı.

Ötən gün tanınmış vəkil Adəm Məmmədov bununla bağlı maraqlı açıqlama verib. Onun dediyinə görə, sözügedən şəxsə - Mahmudov Elvin Bəxtiyar oğluna bəraət verilib.

Adəm Məmmədovun açıqlamasını təqdim edirik: "Növbəti bəraət! 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən və hüquqlarını müdafiə etdiyim Mahmudov Elvin Bəxtiyar oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (cəzaçəkmə müəssisələrinin normal fəaliyyətini pozma: 5 ildən 7 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur) ilə ittiham verilərək, təqsirləndirilən şəxs qismində cəlb olunub. Tərəfimdən verilmiş vəsatət təmin olunub. Bununla bağlı araşdırma aparılıb. Müəyyən edilib ki, müdafiə etdiyim şəxs Mahmudov Elvin Bəxtiyar oğlunun ona qarşı törədilmiş xuliqanlıq hadisəsi zamanı öz həyatı və sağlamlığını müdafiə etmək məqsədilə Emil Əlizadəyə xəsarət yetirərkən zəruri müdafiə vəziyyətində olması nəzərə alınaraq, əməlində cinayət tərkibi olmadığından onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarı və Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, hazırki cinayət işinin icraatına Mahmudov Elvin Bəxtiyar oğluna aid hissədə bəraətverici əsaslarla hissəvi xitam verilməsinə nail olduq. Eyni zamanda hüquqlarını müdafiə etdiyim Mahmudov Elvinin təqsirləndirilən şəxs qismindən zərərçəkmiş şəxs statusuna keçirilməsi barədə qərar qəbul edildi.

Adəm Məmmədov diqqətə çatdırıb ki, Mahmudov Elvin Bəxtiyar oğlunun adı əfv edilənlərlə birlikdə rəsmi saytda dərc edilməsinə baxmayaraq, sonradan adı yuxarıda göstərilən səbəblərə görə qanunsuz olaraq çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top