İspaniyada Türkiyənin sorğusu üzrə almaniyalı yazıçı saxlandı

Almaniya vətəndaşı olan yazıçı Doğan Akhanlı tətil üçün getdiyi İspaniyanın Qranada şəhərində polis tərəfindən saxlanılıb. "Yeniavaz.com"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, türk əsilli yazıçı Türkiyə tərəfindən İnterpol vasitəsilə axtarışa verilmişdi. 1992-ci ildən Almaniyanın Köln şəhərində yaşayan 60 yaşlı D. Akhanlı Türkiyəyə təhvil verilib-verilməyəcəyinə dair qərar qəbul edilənədək İspaniyada saxlanılacaq. Kitablarında daha çox insan haqları mövzusuna yer verən D. Akhanlı "erməni soyqırımı" iddiaları ilə bağlı əsərləri ilə də tanınır. Xatırladaq ki, yazıçı 2010-cu ildə xəstə atasını ziyarət etmək üçün gəldiyi İstanbulun hava limanında tutularaq həbsə atılmışdı. O, 1989-cu ildə bir nəfərin ölümü ilə nəticələnən valyuta bürosu cinayətində iştirak etməkdə təqsirkar bilinmişdi. Lakin həmin dövrdə almaniyalı siyasətçi, yazıçı və sənətkarların çağırışı ilə D. Akhanlı 2011-cü ildə məhkəmə tərəfindən barəsindəki cinayətdən bəraət alıb. Ancaq Kassasiya məhkəməsi həmin qərarı ləğv edərək D. Akhanlının ömürlük həbs cəzasına məhkum edilməsi üzrə yenidən cinayət işi açıb. Qeyd edək ki, 1991-ci ildən Almaniyada yaşayan yazıçının Türkiyə vətəndaşlığı yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top