Bakıda "Multidissiplinar Elmi Forum" təşkil olunacaq

Azərbaycan Elm Assosiasiyası tərəfindən 8 oktyabr 2017-ci il tarixində "Multidissiplinar Elmi Forum" (MEF 2017) təşkil olunacaq. Assosiasiyadan "Yeniavaz.com"a daxil olan məlumatda qeyd olunur ki, dünya elminin daha da sürətlə inkişaf etdiyi və bu sahədə böyük dəyişikliklərin baş verdiyi bir dövrdə gənclərin elmə marağının artırılması, onların elmi tədqiqat işlərinə daha fəal cəlb edilməsi zərurəti yaranmışdır. Belə bir vaxtda Azərbaycan auditoriyasının dünyada baş verən elmi yeniliklər barədə bilik və informasiyaya malik olması önəmlidir. Azərbaycan Elm Assosiasiyası sizi bu məqsədlə təşkil etdiyi Multidissiplinar Elmi Foruma (MEF 2017) dəvət edir.

Forumumuzun əsas məqsədləri aşağıdakılardır:

- gələcəkdə elmi karyera qurmaq istəyən şagird və tələbələri maraq göstərdikləri sahələrdəki aktual mövzular barədə məlumatlandırmaq

- öz sahələrində uğur əldə etmiş, dünyanın məşhur elm və təhsil müəssisələrində təhsil alan və çalışan, o cümlədən, Azərbaycanda fəaliyyət göstərən mütəxəssislərlə geniş ünsiyyət imkanı

- yeni elmi nailiyyətlərin mütəxəssislər tərəfindən təqdimatı

- gənclərin öz elmi məqalələrini poster şəklində təqdim etmək imkanı

- həmvətənlərimizin xaricdə təhsil və iş həyatı haqqında məlumat əldə etmək fürsəti

- elm və təhsil sahəsindəki maraqlı tərəfləri bir araya gətirmək, onlara tanışlıq və şəbəkələşmə imkanı yaratmaq

Verilən məlumatda həmçinin qeyd olunur ki, Forumda elmin müxtəlif sahələrini əhatə edən aktual mövzularda ekspert təqdimatları keçiriləcək. Forum üçün qeydiyyat yaxın zamanlarda Azərbaycan Elm Assosiasiyasının http://azescience.org saytda elan olunacaqdır.

DİGƏR XƏBƏRLƏR

Top