"Şahdəniz" yatağında qaz hasilatı azalıb

2017-ci ilin ilk yarısında "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 249 milyon dollar əməliyyat xərcləri və təqribən 1 milyard 640 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. “Yeniavaz.com” xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2016-cı ilin ilk yarısında "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 225 milyon dollar əməliyyat xərcləri və 1 milyard 870 milyon dollar əsaslı xərclər çəkilib. Bu ilin ilk yarısında layihə üzrə əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artıb, əsaslı xərclərin həcmi isə 12% azalıb.

2017-ci ilin ilk yarısında "Şahdəniz" yatağından 5,1 milyard standart kubmetr qaz və 1,2 milyon ton kondensat hasil edilib. Qeyd edək ki, 2016-cı ilin ilk yarısında yataqdan 5,4 milyard standart kubmetr qaz və 1,3 milyon ton kondensat hasil olunub.

Xatırladaq ki, “Şahdəniz” layihəsində BP (operator - 28,8%), AzŞD (10%), Cənub Gaz Dəhlizi Upsrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%) şirkətləri iştirak edirlər.

DİGƏR XƏBƏRLƏR

Top