"Azəri-Çıraq-Günəşli"də neft hasilatı yenə azaldı CƏDVƏL

Bu ilin ilk yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə 106 milyon barel (14 milyon ton) və ya gündə orta hesabla 585 min barel neft hasil edilib. “Yeniavaz.com” xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə gündəlik hasilat 10,7% və ya 70 min barel, ümumi hasilat isə 10,9% və ya 13 milyon barel azalıb. 2017-ci ilin ilk yarısında AÇG-də ümumilikdə 112 neft hasilat quyusu və 48 qaz və su injektor quyusu istismarda olub. Ötən ilin eyni dövrü ilə müqayisədə hasilat quyularının sayı 9,8% və ya 10 ədəd, injektor quyularının sayı isə 11,6% və ya 5 ədəd artıb.

Rəqəmlərdən də göründüyü kimi, AÇG yatağında quyuların ümumi sayı 145-dan 160-a yüksəldiyi halda neft hasilatı 119 milyon bareldən 106 milyon barelə düşüb.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%) və ONGC Videş Limited (OVL) (2,7%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top