"Yol polisləri onları telefonla çəkən sürücülərə mane ola bilməz" - Ekspert

Yol polislərinin saxladığı maşınların sürücüləri onları mobil telefonla çəkərkən tərəflər arasında bir çox hallarda mübahisə yaşanır. Yol polisləri sürücülərin bu hərəkətini qanunsuz adlandırır və mane olmağa çalışırlar. Hətta buna görə sürücünün mobil telefonunu, maşındakı kamerasını əlindən almaq, söndürmək istəyən yol polisləri də olur. Bəzi yol polisləri iddia edirlər ki, iş başında olarkən sürücü onları çəkə bilməz, bu qanun pozuntusudur və sürücü yenə də bunu davam etdirirsə, polisə tabesizlik göstərir. Sosial şəbəkələrdə yayılan belə videoların bəzilərindən görünür ki, bu hallarda yol polislərindən əraziyə post patrul xidməti dəvət edib sürücünü polis şöbəsinə aparanlar da olur.

Bundan başqa, bəzi hallarda yol polisi əməkdaşları qaydanı pozan sürücülərin avtomobillərini körpülərin, yol qovşaqlarının üzərində - digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmaqla saxlayır və cərimə yazırlar. Bəs bütün bunlar haqqında qanun nə deyir? Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bununla bağlı "Yeniavaz.com" saytının suallarını cavablandırıb.

- Ərşad müəllim, sürücünün onun avtomobilini saxlayan yol polisi əməkdaşını telefonla və ya maşınına quraşdırdığı kamera ilə çəkməsinə qadağa varmı?

- Sürücünün buna tam hüququ var ki, yol polisi əməkdaşını öz mobil telefonu ilə çəksin. Sürücü həmçinin yol polisi əməkdaşı ilə danışığını, onun davranışlarını öz avtomobilinə quraşdırdığı kamera vasitəsi ilə də çəkmək hüququ var. Ancaq sürücü bunu polisin işinə mane olmamaq şərti ilə edə bilər.

- Yol polisinə mane olmamaq deyəndə nəyi nəzərdə tutursunuz?

- Şərt belədir - birincisi, sürücü yol polisinin işinə mane olmamalıdır. İkincisi, sürücü polisin qanuni tələbinə tabe olmalıdır. Bu halda heç bir problem yoxdur və sürücü yol polisini telefonla çəkə bilər.

- Ancaq internetdə yerləşdirilmiş çoxlu sayda videolar var ki, bəzi yol polisləri sürücünün çəkiliş aparmalarına mane olurlar.

- Əgər yol polisi əməkdaşı onu iş başında çəkmək istəyən sürücüyə təziq göstərirsə, imkan vermirsə, düz etmir. Həmin sürücü bununla yol polisinə nə edir ki? Polis xidmətdədir və həmin vaxt öz işi ilə məşğul olmalıdır. Sürücü çəkirsə, çəksin, buna maneçilik törədilməməlidir.

- Polis bu halda əsas gətirə bilərmi ki sürücü videoçəkilişlə mənim işimə mane olur?

- Polisin işinə mane olma, yəni artıq söhbət eləmə, onun vaxtını lazımsız yerə alma və s. Qanuni göstəriş nədir? Yol polisi deyirsə sənədlərini ver, sənədlərini verməlisən, qanunda nəzərdə tutulan əsaslar varsa və yol polisi deyirsə maşından düş, düşməlisən, qanunda nəzərdə tutulan hallar varsa, avtomobilin yük yerini aç deyirsə, açmalısan. Yəni bu hallarda polisin işinə, tələbinə mane olmamaq şərti ilə sürücünün çəkiliş aparmasında heç bir problem yoxdur.

- Ərşad müəllim, istərdik bir məqama da aydınlıq gətirəsiniz. Bəlkə siz özünüz də belə halın şahidi olmusunuz - bəzən görürük ki, yol polisi öz xidməti maşınını körpünün, yol qovşağının üzərində saxlayıb hansısa sürücüyə cərimə yazır. Digər avtomobillərin isə hərəkətinə mane olur və yolda sıxlıq yaranır. Yəni bu doğrudurmu, qanun icazə verirmi?

- Dayanma-durma qadağan olunan yerlərdə yol polisləri maşınları dayandırmamalıdır, bu qadağandır. Əgər belə hallar varsa, həmin yol polisi əməkdaşları "Yol patrul xidməti haqqında" qanunun təlimatını pozurlar. Olmaz.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top