7 ayda Naxçıvana 225 min turist səfər edib

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 458 milyon 392 min 300 manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. "Yeniavaz.com" Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən açıqlanan məlumata istinadən bildirir ki, hər bir nəfərə düşən ÜDM-nin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 3 min 240,2 manata çatıb.

Sənaye üzrə 604 milyon 952 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələyib.

Cari ilin yanvar-iyul aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 568 milyon 505 min 800 manat dəyərində investisiya yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Əsas kapitala yönəldilən investisiyanın 535 milyon 220 min 500 manatı və ya 94,1 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

2017-ci ilin yanvar-iyul aylarında 223 milyon 716 min 400 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 3,4 faiz üstələyib. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 12 min 452 ton ət, 58 min 589,8 ton süd istehsal edilib, bir il öncəki göstərici ilə müqayisədə ət istehsalı 2,2 faiz, süd istehsalı 1,3 faiz artıb.

2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikaya 224 min 936 nəfər turist gəlib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz və ya 8652 nəfər çoxdur.

Bu ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyard 10 milyon 750 min manat, onun hər bir nəfərə düşən məbləği isə 0,2 faiz artaraq 2245,6 manat təşkil edib.

Yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 414,1 manat təşkil edib və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top