Mingəçevirdə sakinlərin su ilə bağlı problemləri bitib-tükənmir. Şəhərin N. Nərimanov, 36 ünvanında yaşayan bir qrup sakinin şikayəti bunu bir daha təsdiq edir. Şəhər sakini Nəbiyev Şahid Nazar oğlu bizimlə söhbətində bildirdi ki, Mingəçevir Sukanal İdarəsinin abonent şöbəsinin işçiləri sayğacın göstəricilərinə məhəl qoymurlar, onlardan həmin göstəricidən əlavə vəsait tələb edirlər. Onlara iradımımızı söyləyəndə isə cavabları bir qayda olaraq belə olur: "Hara istəyirsən, şikayət et!" Mən də "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "qaynar xətt"inə zəng etdim. Mənə oradan bildirdilər ki, bəs şikayətinizə 3-4 günə baxılacaq və sizə məlumat veriləcək. Dedikləri vaxt tamam oldu. Lakin mənə heç bir məlumat vermədilər. Mən onlara yenidən zəng etdim... Yenə mənim şikayətimə biganə yanaşdılar. Dedim ki, elə isə mən mətbuat vasitəsi ilə səsimizi aidiyyəti qurumlara çatdıracağıq. Oradan mənə nə desələr yaxşıdır: "Hara istəyirsən, şikayət et!"
Abdurəhmanova Gülnarə, Babayeva Cahan, Baxışova Lətifə, Rəsulova Sümuzər və başqaları da Şahid Nəbiyevin dediklərini təsdiqlədilər. Bildirdilər ki, hesab fakturalarındakı göstəricilər istifadə etdikləri suyun real miqdarından (10,20, 48 kub) çoxdur.
Afaq Yusibov isə daha bir maraqlı məsələyə toxundu: "Əvvəllər evimdə su sayğacı vardı. Həmin sayğacın göstərişinə əsasən hər ay 3-4 manat su pulu ödəyirdim. Amma yeni tipli sayğac quraşdırılandan günüm qaradır. Bilmirəm nə sirdirsə, bu sayğac hər ay 10-15 manat pul yazır. Özü də son vaxtlar suyu elə qənaətlə işlədirəm ki… Mənə elə gəlir ki, bu sayğaclar qaz vurub qazan doldurmaqla məşğuldur. Xahiş edirik ki, aidiyyəti qurumlar bu sayğaclardakı problemi aradan qaldırsınlar. İçməli su kimi istifadə etdiyimiz su texniki sudur. Mingəçevirlilər təmiz su üzünə həsrət qalıblar. Əgər pul verib su alırıqsa, onda bizə təmiz su versinlər. Hansı zəmanədə yaşayırıq ki…"
Sakinlərlə söhbətdən bir daha aydın oldu ki, bu kimi problemlərdən Mingəçevir Sukanal İdarəsinin əməkdaşlarının xəbəri var. Lakin onlar nədənsə bu kimi problemlərin həllində maraqlı deyillər. Üstəlik, şikayət edən sakinlərlərə kobud cavab verirlər. Digər tərəfdən, onlar sakinlərin şikayətləri ilə yerindəcə tanış olmaq istəmirlər. Bununla bağlı söz düşəndə isə deyirlər: "Siz kimsiniz ki, biz sizin ayağınıza gələk".
Esmira Hidayətova, Mingəçevir