Ermənistan ordusunda xidmət edən yezidi kürdlər sıxışdırılır

Son vaxtlar Ermənistan KİV-də yayılan məlumatlarda yezidi kürdlərin ordu sıralarında sıxışdırılması faktlarına daha tez-tez rast gəlinir. Belə ki, milliyyətcə yezidi kürdü olan 20 günün əsgəri, Abas Mamoyi Sloyan milli zəmində yaranmış qarşıdurma və ayrıseçkilik münasibətləri nəticəsində özünə qəsd edib. "Yeniavaz.com" xəbər verir ki, Ermənistan KİV-də keçən məlumatlara əsasən, əsgər A.Sloyanın yezidi kürdü olmasına görə şərəf və ləyaqəti alçaldılıb. Bunun nəticəsində A.Sloyan hərbi hissəni özbaşına tərk edib və öz evlərinin yaxınlığında asılmış vəziyyətdə tapılıb. Hadisə bu ilin avqust ayının 14-də baş verib.

Bununla yanaşı, yezidi kürdü olan daha iki əsgərə bənzər münasibətlər göstərilib. Belə ki, hərbi hissələrin birində xidmət etmiş əsgər Temur Sloyan milli zəmində öz manqa komandiri tərəfindən alçaldılaraq təhqir edilib. Nəticədə sonuncu ona təhkim olunan silahı ilə öz manqa komandirini güllələyərək öldürüb və daha sonra özünə qəsd edib.

Ermənistanda yaşayan milliyyətcə yezidi kürdlərinə qarşı ayrıseçkilik Ermənistanın hərbi komissarlıqlarında da geniş yayılmağa başlayıb. Ermənistan KİV-nin məlumatlarına görə, milliyyətcə yezidi kürdü Tosun Amoyanın sağlamlıq cəhətdən xidmətə yararsız (əlləri ilə bağlı problemləri var) olmasına baxılmayaraq Araqatsotn vilayətinin Aparan rayonunun hərbi komissarı tərəfindən hərbi xidmətə göndərilməsi valideynlərinin narazılığına səbəb olub. T.Amoyanın atası Rzqan Amoyan, oğlunun hərbi toplanış məntəqəsində həkim yoxlanışına tabe tutulmadığını və onun əməliyyata ehtiyacı olması barədə müraciətinə baxılmadığını bildirib. Hazırda T.Amoyan sağlamlıq cəhətdən yararsız olmasına baxmayaraq öz hərbi xidmətini davam etdirir.

Yuxarıda qeyd etdiyimiz hadisələrdən açıq aydın görünür ki, Ermənistan ordusunda özbaşnalıq və anarxiya ilə yanaşı, milli zəmində də qarşıdurmalar mövcuddur. Milli zəmində mövcud qarşıdurmaların Ermənistan hökümətinin xüsusilə milliyyətcə yezidi kürdlərinə qarşı məqsədyönlü fəaliyyəti olması da bir faktdır.

DİGƏR XƏBƏRLƏR

Top