Dünyasını dəyişmiş məşhurların nömrələrini kim işlədir? - SİYAHI

Xalq şairi Zəlimxan Yaqub, xalq artisti İlhamə Quliyeva, tanınmış vəkil Elton Quliyev, "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanov və digərləri. Bir vaxtlar onların telefonları susmazdı. İşi düşənlər, müsahibə almaq istəyənlər, problemi olanlar nömrələrinə zəng vurar, hal-əhval tutar və istəklərini bildirərdilər. Artıq onlar haqq dünyalarına qovuşublar. Dünyasını dəyişmiş tanınmışların bəzilərinin nömrəsi hələ də jurnalistlərin "Nömrə siyahısı"nda qalır. İllərlə zəng vurulmayan, bəlkə bundan sonra da jurnalistlər tərəfindən zəng vurulmayacaq həmin nömrələrə "Yeniavaz.com" saytı olaraq zəng vurduq - "dünyasını dəyişmiş məşhurların telefon nömrələrini indi kim işlədir?" sualına cavab tapmaq üçün.

Əvvəlcə bir vaxtlar xalq şairi Zəlimxan Yaqubun işlətdiyi 050-2..-33-66 nömrəsinə zəng vurduq. Nömrə bağlı deyildi. Lakin dəfələrlə zəng vurmağımıza baxmayaraq, cavab verən olmadı. Odur ki, həmin nömrənin başqası, yoxsa elə Zəlimxan Yaqubun yaxınları tərəfindən işlədib-işlədilmədiyi bəlli deyil.

Xalq artisti İlhamə Quliyevanın işlətdiyi 050-2..-31-44 nömrəsinə zəng çatmır. Hər dəfə zəng vurduqda "Bu nömrəyə zəng çatmır" cavabını aldıq.

Haqq dünyasına qovuşmuş vəkil Elton Quliyevi yəqin ki, çoxları tanıyır. Obyektivliyi, işgüzarlığı ilə çoxlarının hörmətini qazanmış Elton müəllimin bir vaxtlar işlətdiyi nömrəyə zəng vurduq. Onun əvvəllər işlətdiyi 050-2..-94-44 nömrəsinə zəng çatır, lakin nömrə başqa bir nömrəyə yönləndirilib. Bir neçə dəfə zəng vursaq da, zənglərə cavab verilmədi.

Vaxtilə tanınmış vəkil İsaxan Aşurovun işlətdiyi 050-2..-58-10 nömrəsinə hazırda zəng çatmır.

Bir vaxtlar odlu-alovlu açıqlamaları, danışığı ilə jurnalistlərin diqqət mərkəzində olan hərbi ekspert İldırım Məmmədovun 050-6..-20-21 nömrəsinə zəng vurduq. Lakin "nömrə təyin olunmayıb" cavabını aldıq.

"Bakılı oğlanlar" komandasının kapitanı, mərhum Anar Məmmədxanovu da yəqin ki, çoxları tez-tez xatırlayır. Onun da nömrəsi redaksiyamızın "Nömrə siyahı"sında qalır, silinməyib. Odur ki, həmin nömrəyə - 050-2..-61-63-ə zəng vurduq. Eşitdiyimiz cavab "bu nömrə təyin olunmayıb" oldu.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top