Əlverişsiz hava dənli bitkilərin 25,4 min hektarını tamamilə məhv edib

Bu ilin məhsulu üçün əvvəlki illərdə əkiln çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1 milyon 665,7 min hektar olub və keçən illə müqayisədə 37,4 min hektar və yaxud 2,3 faiz artıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu artım kənd təsərrüfatı müəssisələri üzrə 14,9 faiz, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə 1,4 faiz olub.

Dənli və dənli paxlalı bitkilərin əkin sahələrinin əsas hissəsini payızlıq dənli bitkilər təşkil edir. Belə ki, keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş 947 min hektar sahədən 907,1 min hektar payızlıq dənli bitkilər cari ilin yaz əkini dövrünün sonunadək salamat qalıb ki, bu da ümumi dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 92,9 faizinə bərabərdir. Havaların əlverişsiz keçməsi səbəbindən payızlıq dənli bitkilərin 25,4 min hektarı tamamilə məhv olub, 7,2 min hektarı yem üçün istifadə edildikdən sonra yerinə yazlıq bitkilər əkilib, 7,3 min hektarı isə yem üçün saxlanılıb.

Ölkə üzrə əkin sahəsinin 976,9 min hektarını və yaxud 58,7 faizini dənli və dənli paxlalı bitkilərin, 180,5 min hektarını (10,8 faiz) texniki bitkilərin, 151,6 min hektarını (9,1 faiz) kartof, tərəvəz və bostan bitkilərinin, 356,7 min hektarını (21,4 faiz) yemlik bitkilərin əkin sahələri təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top