Adil Qeybulla: “Əgər buranın həkimi zaydırsa, deməli hüquqşunası da, müəllimi də, məmuru da zaydı”

Azərbaycanda insanlar həkimə getməkdən çəkinirlər. Bunun müxtəlif səbəbləri var. Əsəs səbəblərdən biri odur ki, insanların böyük əksəriyyəti həkimlərimizə, səhiyyəyə etibar etmir. Əməliyyata ehtiyacı olmayanın əməliyyat olunması, xəstəyə səhv diaqnoz qoyulması, ciddi fəsadlar törədən müalicə üsulları, səhiyyə xidmətlərinin vətəndaşların gəlirlərindən baha olması və s. səbəblər həkimə getməyimizə mane olur. Bu barədə mətbuatda, sosial şəbəkələrdə onlarla, yüzlərlə məlumat yayımlanıb.

Bu yaxınalarda sosial şəbəkələrdə yazılmış bir hadisəni yazmaq yerinə düşər: "Xeyli vaxtdan sonra rastlaşan iki dost hal-əhval tutur. Biri atasının xəstə olduğunu, 5 ildir Azərbaycanda müalicə etdirdikdən sonra heç bir müsbət nəticənin olmadığını deyir. Bu müalicələrdən sonra atasını Türkiyəyə aparan adama türkiyəli həkimlər deyiblər ki, bu qədər müddətdir niyə həkimə aparmamısınız atanızı?"

Yaxud da qulaqdan çirk gəlməsinə, gözün yaşarmasına görə insanlara "təcili əməliyyat olunmalısan" deyən “həkimlərin” olması vətəndaşlara baha başa gəlir. Mövzu ilə bağlı “yeniavaz.com”a fikirlərini bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, indi istənilən bir xəstəxanaya getsən, orada xeyli xəstə olduğunu görərsən: “Azərbaycanda bu gün Qərb təhsili almış, yetişmiş, öz ixtisasını kifayət qədər bilən mütəxəssislər yetərincədir və artırlar. Sadəcə olaraq insanlarda milli səhiyyəyə güvən yoxdur. Bu ümumi bir tendensiyadır. Niyə? Çünki, məmurlar özlərini burda müalicə etdirmir. İnsanlarda düşünür ki, bunlar bu səhiyyəyə güvənmirlərsə biz niyə güvənməliyik. İkinci tərəfdən, bəzən xəstələr xəstəliyi ilə bağlı olan mütəxəssisə düşmürlər, müalicənin nəticəsindən narazı qalırlar. Ona görə də artıq ümumi rəyə qoşulurlar. Bir də açıq etiraf etmək lazımdır, əgər buranın həkimi zaydırsa, deməli hüquqşunası da, müəllimi də, məmuru da zaydı. Ola bilməz ki, bir millətin bir sahəsi çox yaxşı olsun, amma o biri sahələr inkişaf eləməsin. Bu ümumi olaraq millətin bəlasıdır”.

"Üçüncü və ən önəmli faktor insanların icbari tibbi sığortasının olmamasıdır", - deyən, A. Qeybullanın sözlərinə görə, müalicə xərclərini qarşılamaqda da bəzən problem yaşanır: “Müalicənin nəticəsi də olmayanda bu xəstədə və yaxınlarında ikinci qıcıq yaradır. Amma heç olmasa icbari tibbi sığorta olsa, insanlar vatlı-vaxtında “chek-up” müayinələrdən keçərdilər. Müəyyən xəstəliklər vaxtında aşkar olunardı. Bu məsələ vəziyyəti xeyli qaydasına sala bilərdi. Konkret olaraq bu vəziyyəti drammatikləşdirən mühim məsələlərdən biri də ölkəmizdə sosial müdafiənin elementi olan icbari tibbi sığortanın olmamasıdır”.

“Həkimlər ekspertizaya rüşvət verərək məsuliyyətdən yayınırlar”

Hüquqşünas, professor Fərhad Mehdiyev isə bildirdi ki, Azərbaycanda ümumiyyətlə tibbi müdaxilə nəticəsində bir çox insanın zərər çəkdiyini görürük: “Bu doğuş vaxtı, cərrahi əməliyyatlarda və s. olur. Hələ xəbər saytlarında olmayan yüzlərlə hadisələr var. Məsələn bu yaxınlarda bizdə belə bir iş var idi. Bir vətəndaşın qara ciyərinə səhv müalicə yazıldığına görə, xəstədə artıq qara ciyər serrozu inkişaf edib. Həkim xəstəyə hansısa dərmanı içməməsini tapşırıb, üstündən bir neçə ay keçəndən sonra xəstə başqa həkimə gedib. Bu həkim də xəstənin həmin dərmanı içməməsinə görə serrozun başladığını bildirib”.

Həkimlər niyə məsuliyyətdən yayınır? Bu sualın cavabında Prof. F. Mehdiyev bildirdi ki, əslində bu hallarda həkimlərin məsuliyyəti cinayət yox, mülki məsuliyyətdir: “Yəni, həkimin konpensasiya ödəmə məsuliyyəti olmalıdır. Azərbaycanda isə SSRİ-dən qalma ənənə olaraq cinayət məsuliyyətinə üstünlük verilir. Belə olan hallarda insanlar polisə və prokurorluğa şikayət yazır. Həkimlərdə iki cür cinayət məsuliyyətindən yayınırlar. Bəzi hallarda həkimin həqiqətən də cinayət məsuliyyəti olmur. Yəni, ondakı ehtiyatsızlıq dərəcəsi cinayət məsuliyyətinə səbəb olmayan ehtiyatsızlıqdır. İkinci ehtimal isə, məsələn, sağlam insan əməliyyat olunur, əməliyyatdan iki gün sonra vəfat edir. Bu hallarda isə belə həkimlər ekspertizaya rüşvət verərək məsuliyyətdən yayınırlar. Ekspertizadan qərar çıxır ki, həkim tibbi müdaxilə zamanı tibbi göstərişlərə uyğun davranıb. Azərbaycanda da alternativ ekspertiza imkanları yoxdur. Bizdə ekspertizanı səhiyyə nazirliyinə bağlı olan bir qurum həyata keçirir. Dövlət xəstəxanasının həkimlərinin onsuzda tərəfi tutulur. Həkimin qüsuru dövlətin qüsuru deməkdir. Dövlət xəstəxanasında həkimin vurduğu zərərdən onu işə götürən qismində xəstəxana ziyanı ödəməlidir. Səhiyyə nazirliyinin ekspertizasının legitimsizliyinin bir də bu yanı var. Müstəqil ekspertiza qurumu yaradılmalıdır”.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top