
Sentyabr ayının əvvəlinə olan məlumata görə, ümumi kreditlərin 6 milyard 272,7 milyon manatı ev təsərrüfatlarına (istehlak kreditləri) verilib. Bu, əvvəlki ayla, yəni avqust ayının əvvəli ilə müqayisədə 0,6% çoxdur. Əvəzində istehlak kreditləşməsinin ümumu kredit portfelində payı 37,3%-dən 37,2%-ə düşüb. Xatırladaq ki, bu nisbət ötən ilin sonunda 38,6%, bir il bundan əvvəl isə 38,2% olub. "Yeniavaz.az" xəbər verir ki, bu barədə Mərkəzi Bankın (MB) açıqladığı hesabatda bildirilir. Kreditlərin 2 milyard 504 milyon manatı isə ticarət və xidmət sektoruna ayrılıb. Bu, aylıq nisbətdə 2,4% azdır. Sektorun ümumi kreditləşmədə payı isə 15,3%-dən 14,9%-ə qədər azalıb. İnşaat və əmlak sektoruna isə 2 milyard 21,1 milyon manat kredit yönəldilib. Bu, aylıq müqayisədə cəmi 0,1% çoxdur. Əvəzində sektorun ümumi kredit portfelində payı 12,1%-dən 12%-ə düşüb. Kredit təşkilatları ipoteka kreditləşməsi də daxil olmaqla daşınmaz əmlakın tikintisi və alınmasına isə 1 milyard 592,1 milyon manat borc verib. Bu, bir ay ərzində 6,7% artım deməkdir. Sektorun ümumi kreditləşmədə payı da artıb - 8,9%-dən 9,5%-ə. Avqustda sənaye və istehsal sektorunun maliyyələşdirilməsi isə 1,1% artırılaraq 1 milyard 321,4 milyon manata çatdırılıb. Sektorun ümumi kredit portfelində payı isə 7,8% olaraq qalıb. Nəqliyyat və rabitə sektoru isə maliyyə sektorundan 1 milyard 175,8 milyon manat vəsait cəlb edib. Bu, aylıq müqayisədə 1,6% çoxdur. Sektorun ümumi kreditləşmədə payı isə 6,9%-dən 7%-ə yüksəlib. Kənd təsərrüfatı və emal sektoru isə kredit təşkilatlarından cəmi 401 milyon manat borc ala bilib. Bu sahəyə verilən kreditlərin məbləği və ümumi kredit portfelində payı (2,4%) dəyişməyib. Energetika, kimya və təbii ehtiyatlar sektoruna isə bir ay əvvəl olduğu kimi bütün kreditlərin 2,2%-i və yaxud 370 milyon manatı ayrılıb. Bu isə aylıq müqayisədə 0,5% azdır.
A.C.
Tətbiqimizi yükləyə bilərsiniz