Ronaldoya ikiqat zərbə: həm oyunları buraxacaq, həm də cərimə ödəyəcək

“Real” Madridin portuqaliyalı hücumçusu Kriştiano Ronaldo beş oyunluq diskvalifikasiya edilib.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu İspaniya Futbol Federasiyasının mətbuat xidmətindən deyiblər.

Məlumata görə, futbolçu “Barselona”ya qarşı İspaniya Superkibokunun ilk oyununda qırmızı vərəqə aldığına və ardınca oyunun baş hakimi Rikardo De Burqos Benqoeçeanı itələdiyinə görə bu cəzaya məruz qalıb. Bundan başqa, K. Ronaldo 3 000, “Real” isə 1400 avro cərimə ödəməlidir. Qərar 10 iş günü ərzində şikayət oluna bilər.

Xatırladaq ki, avqustun 13-də “Real” İspaniya Superkibokunun ilk oyununda səfərdə “Barselona”nı 3:1 hesabı ilə məğlub edib. K. Ronaldo 57-ci dəqiqədə meydana çıxaraq 80-ci dəqiqədə komandasının ikinci qolunu vurub. 32 yaşlı portuqaliyalı qolun sevincini yaşayarkən futbolkasını çıxarıb və hakim tərəfindən sarı vərəqə alıb. O, 83-cü dəqiqədə simulyasiyaya görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. K. Ronaldo bu qərarla razılaşmayaraq 31 yaşlı hakimi çiynindən itələyib. Cavab oyunu avqustun 16-da Madriddə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top