"Çalışmalıdırlar ki, biz azacıq da olsa, onlara güvənə bilək"

"Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyir ki, artıq Azərbaycanla Ermənistan arasında qarşılıqlı güvən yaratmanın zamanı gəlib çatıb. Və onun dediyinə görə Minsk qrupuna həmsədrlik edən digər ölkə - Rusiya da bu fikirləri bölüşür. Deməyinə deyirlər, amma aralarında son 25 ildə heç vaxt indiki qədər ziddiyyət və güvənsizlik olmayan bu iki ölkənin əl-ələ verib bizim regionda qarşılıqlı güvən yaradacaqları təəssüf ki, ağlabatan deyil". "Yeniavaz.com" xəbər verir ki, bunu politoloq, millət vəkili Sahib Alıyev bildirib.

Deputat qeyd edib ki, bunun iki səbəbi var: "Birinci səbəb haylarla bizi barışdırmaq istədiklərini deyənlərin vurğuladığımız kimi özlərinin arasında böyük güvənsizliyin olmasıdır. İkinci və ən əsas səbəb isə həmsərdlərin bilərəkdən odu qoyub tüstü ilə oynamalarıdır. Ancaq od tüstüdən yaranmır axı. Tüstü oddan yaranır. Haylar bizim torpağı arada güvən olmadığına görə işğal etməyiblər. Arada güvən ona görə yoxdur və ola bilməz ki, onlar torpaqlarımızı işğal altında saxlayırlar. Güvən yaranması üçün işğalçı işğal altında saxladığı torpaqlardan çəkilməlidir".

Deputat sual edib ki, əgər Ermənistan bunu etmirsə, bizə qarşı düşmənçilik siyasəti yeridirsə, ona necə güvənə bilərik: "Nəinki Ermənistana, onun işğalçılıq siyasətinə dözümlü nədir, hətta himayədarcasına yanaşan həmsədrlərin özünə belə bu gün Azərbaycanda çox təbii olaraq heç bir güvən yoxdur və cənab Hoqland da bunu bilməmiş deyil. Ona görə də həmsədr ölkələr ilk növbədə buna çalışmalıdırlar ki, biz azacıq da olsa, onlara güvənə bilək. Bunun üçün isə çox yox, azacıq da olsa, ədalətli davranmalı, öz maraqlarından deyil, beynəlxalq normalardan çıxış etməlidirlər. Ermənistana geosiyasi alət və forpost yox, işğalçı gözüylə baxmalıdırlar".

DİGƏR XƏBƏRLƏR

Top