Rusiyalıların yarısı Türkiyəyə S-400 sistemlərinin satılmasını istəmir

Rəyi soruşulan Rusiya vətəndaşlarının təxminən yarısı – 48 faizi – Türkiyəyə S-400 zenit-raket sistemlərinin satılmasını yolverilməz hesab edir.

“Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu, “İctimai rəy” fondunun keçirdiyi sosioloji sorğunun nəticələrindən məlum olub.

Respondentlərin yalnız 25 faizi S-400-ün Türkiyəyə satılmasına müsbət yanaşıb, qalanları isə cavab verməkdə çətinlik çəkiblər. Bununla belə, rəyi soruşulanların 60 faizi mövzu ilə bağlı ilk dəfədir xəbər tutur, 23 faizi bu barədə nə isə eşidib və yalnız 16 faizi təsdiq edib ki, məsələdən xəbərdardırlar.

Satışın tərəfdarı olanlar mövqelərini onunla izah edirlər ki, Rusiya iqtisadiyyatı bundan əlavə gəlirlər qazanacaq və Ankara ilə müttəfiq münasibətləri güclənəcək. Əleyhdarlar isə əksinə düşünürlər ki, S-400 Rusiyaya qarşı istifadə oluna bilər və Türkiyə prinsipcə düşmən dövlətdir.

Xatırladaq ki, Türkiyəyə S-400 zenit sistemlərinin satışı 2016-cı ilin payızından bəri müzakirə edilir, hazırda müqavilənin şərtləri razılaşdırılır. Ankara təqribən 2,5 milyard dollar dəyərində 4 ədəd S-400 diviziya komplektini əldə etmək istəyir. Bununla belə, iki komplekt hazır vəziyyətdə alınmalı, daha ikisi isə texnologiyanın ötürülməsi ilə birlikdə istehsalın lokallaşdırılması çərçivəsində yerində yığılmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top