Yol polisi Ağdaşda reyd keçirdi FOTOLAR

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsi (DYPB) və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları "Təmiz hava" aylığı çərçivəsində reyd keçiriblər. Reyd zamanı nəqliyyat vasitələrinin mühərriklərinin ixrac etdiyi dəm qazının tərkibi öyrənilib. Reyd zamanı bəzi avtomobil sahibləri yanacağın keyfiyyətsiz olduğunu və belə bir aylığın keçirilməsindən xəbərsiz olduqlarını bildiriblər. Ağdaş DYPB-nin baş inspektoru polis baş-leytenantı Natiq Həsənov "Təmiz hava" aylığı ilə bağlı fikirlərini "Yeniavaz.com" sayı ilə bölüşüb: "Nəqliyyat vasitələri xeyli çoxalıb. Təbii ki, atmosfer nəqliyyat vasitələrinin havaya buraxdığı zəhərli qazlardan daha çox çirklənir. "Təmiz hava" aylığının keçirilməsində məqsəd də məhz atmosferin saflaşmasını və əhalinin sağlamlığını qorumaqdır. Elə buna görə də aylığı mütəşəkkil keçirmək üçün ərazi üzrə ərazi ekologiya və təbii sərvətlər şöbəsi ilə müvafiq tədbirlər planı hazırlamışıq. Reydlər zamanı atmosferi çirkləndirən nəqliyyat vasitələri saxlanıldı. Məlum oldu ki, texniki nasazlıq ucbatından yanacağı normal tənzimləyə bilməyən mühərriklərdən havaya zəhərli qazlar buraxılır. Təbii ki, bu da canlı aləm üçün ciddi təhlükə törədir. Reyd zamanı nəqliyyatı sərxoş vəziyyətdə idarə edən, yol-hərəkət qaydalarını pozan sürücülərə də təsadüf olundu. Şübhəsiz ki, belələrinə qarşı həmişə inzibati qaydada tədbir görülür. Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları ilə birgə keçirdiyimiz bugünkü reyydə mühərriklərində normadan artıq zərərli maddələr olan 40 avtomobil saxlanıldı. Həmin avtomobillərin sürücülərinə inzibati qaydada protokollar tərtib edilib, 50 manat cərmələniblər. Qeyd edim ki, rayonda polis əməkdaşları tərəfindən mütəmadi olaraq reydlər keçirilir, yol-hərəkət qaydalarını pozan məsuliyyətsiz sürücülərə xəbərdarlıq edilir, cərimələr yazılır".

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top