"Bu cür mənasız populizmdən uzaq durmaq lazımdır"

"Böyük azərbaycanlı alim Lütfizadə vəfat etməsə də, vəsiyyəti əməlli-başlı Azərbaycan cəmiyyətində müzakirə mövzusu oldu. Əslində bir dahi şəxsiyyətin obrazında tamam, natamam və sıfır dərəcəli azərbaycanlı necə olmalıdır kimi məsələlərin müzakirəsi daha çox diqqət çəkdi". "Yeniavaz.com"un xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa bildirib.

"Bir daha əmin oldum ki, hələ də əksəriyyətimizin düşüncəsi qlobal parametrlərdən çox-çox uzaqdır. Maraqlı bir tarixi epizodu xatırladım. Nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteyn İzrail dövlətinin yaranması üçün əlini ağdan-qaraya vurmamışdı. İzrail dövləti yarananda yəhudilər ona rəsmi şəkildə müraciət etdilər ki, gəl bu dövlətin prezidenti ol. Eynşteyn isə imtina etdi və elmi çalışmalarını davam etdirməyə üstünlük verdi. İndi bu Lütfizadənin oğlu nə deyib, xanımı nə deyib, qoyun bir kənara, özü ən çox kiminlə ünsiyyət saxlayır, kiminlə birgə çalışmalar gerçəkləşdirir? Deyəcəksiniz ki, Azərbaycanın dəyərli alimi professor Rafiq Əliyevlə. Demək ki, ortada Azərbaycanla bağlı nə isə varmı? Azərbaycana dərindən, dayazdan bağlı olmanın meyarları nədən ibarətdir, söyləyin, izah edin bizlər də agah olaq",-deyə millət vəkili bildirib.

Fazil Mustafa qeyd edib ki, bu cür mənasız populizmdən bacardıqca uzaq durmaq lazımdır: "Dünya şöhrətli bir futbolçu olsaydı, bir manken olsaydı, bir müğənni olsaydı, bir milyarder olsaydı, zərrə qədər də əhəmiyyət verməzdim. Alimdən söhbət gedir e... Dünya elmində inqilab etmiş alimdən. Nobel mükafatı almış Əziz Sancar da Türkiyədə labaratoriya qurmamışdı ki... O da gedib ABŞ-da çalışıb bu adı aldı... Xanımı da türk deyildi, nə olsun? Doğru mühakimə olmayan cəmiyyətlərin aqibəti acınacaqlı olur. Bu yalnızca Lütfizadə məsələsi ilə əlaqəli deyil. Elə Qarabağla da, təhsillə də, sağlamlıqla da, elmlə də, tarixlə və gələcəklə də bağlı mühakiməmizdə özünü göstərir. Allah Lütfizadəyə uzun ömürlər versin ki, yarımçıq işlərini tamamlasın, bizə də doğru mühakimə qabiliyyəti versin ki, sərhədlərimizdən o tərəfdəki dünyanı doğru-dürüst oxuya bilək".

DİGƏR XƏBƏRLƏR

Top