
Bu günlərdə "Yeniavaz.com" saytında "semiçka" və boranı tumunu qabıqlı yeyən və sonradan tumlardan birinin nəfəs borusuna düşməsi nəticəsində iflic olan 3 yaşlı uşaq haqqında məlumat vermişdik. Bu dəfə isə yediyi bir zeytun tumunun nəfəs borusuna düşməsi nəticəsində aylardır yataq xəstəsi olan uşaq haqqında məlumat verəcəyik. Əlavə edək ki, bu yazıları verməkdə məqsədimiz valideynlərin uşaqlarına qarşı diqqətli olmalarını xatırlatmaqdır. Bəli, belə hadisələr göstərir ki, adi bir diqqətsizlik uşağınızın həyatını ömürlük puç edə bilər. Bu dəfə haqqında bəhs edəcəyimiz uşağın adı Elanurdur. Hazırda onun 5 yaşı var.
Bir il iki ay öncə anası işdə olduğu vaxt Elanurun yediyi zeytunun tumu nəfəs borusuna düşüb. Uzun müddət nəfəssiz qalan 5 yaşlı Elanur 1 ildən çoxdur ki, yataq xəstəsidir. Bu hadisə baş verdikdən sonra Elanurun atası anasından ayrılıb və onlardan imtina edib.
Onun anası, Türkiyə vətəndaşı Arzu Aksoy baş verənləri belə nəql edir: "2016-cı ildə 3 aylıq bir iş tapmışdım. Maddi vəziyyətimiz yaxşı deyildi deyə işləyib ailəmə dəstək olmaq istəyirdim. Belə qərara gəldim ki, qızımı qohumum, həm də qonşumuz olan bir nəfərə həvalə etdim. Ona pul vermirdim, vaxt olduqca diqqət yetirməsini xahiş etmişdim. İşə başlamağımdan 3 gün sonra yediyi zeytunun tumu qızımın nəfəs borusuna düşdü. Nəticədə onun beyin funksiyası pozuldu. 18 aydır yataqdadır. Çox çətin durumdayıq. Nəfəs borusuna zeytun tumu düşəndə qızımın 3 yaşında idi. Çox şən, mehriban uşaq idi. Hadisə baş verən gün baxıcısı onu həyətdə gəzdirib, oynadıb. Sonra isə Elanur böyük qardaşı ilə öz evimizə gedir ki, burada oynasınlar. Böyük qardaşına acmışam deyir və bir armud yeyir. Ondan sonra baxıcı qadın nəvəsini göndərir ki, Elanuru onların evinə gətirsin. Elanur onlara gəldikdən 10 dəqiqə sonra halı pisləşib. Divanda oturarkən öskürməyə başlayıb və rəngi göyərib. Ona su veriblər, içdikdən sonra özündən gedib".
"Düz 1 ildir ki, qızım yataq xəstəsidir. Bu gedişlə vəziyyəti düzələnə oxşamır. Mən bütün valideynlərə diqqətli olmağı tövsiyə edirəm. Diqqətsiz qalan uşaqların yedikləri bir çox qidaların nəfəs borusuna düşmə riski çox yüksəkdir",-deyə Elanurun anası bildirib.
Hazırladı: Nicat
Tətbiqimizi yükləyə bilərsiniz