"İlham Əliyev İran getməməklə doğru qərar verdi"

"Erməni saytları öz düşüncələrində İranla Azərbaycan arasındakı münasibətləri gərginləşdirmək məqsədilə bu mövzunu ortaya atıblar: "Ermənistan prezidenti İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etdiyi halda Azərbaycan prezidenti Tehrana getmədi". Yəni demək istəyirlər ki, guya Azərbaycan prezidenti iranlı həmkarını saymadı". "Yeniavaz.com" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Erməni tərəfinin əsas arqumenti də budur ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı siyasətini sərtləşdirdiyindən guya Bakı Ağ Evin sahibi ilə münasibətləri gərginləşdirməmək üçün İranla münasibətlərdə ehtiyatlı olacaq.

Azərbaycan prezidenti İlham Əliyev İran prezidentinin andiçmə mərasiminə getməməklə doğru qərar verdi və bu qərar erməni saytlarının iddia etdiyi kimi heç də Amerika amili ilə əlaqəli deyil. Cəbhə bölgəsində indiki ağır vəziyyətdə Serj Sərkisyanla eyni sırada dayanmağın mənası yoxdur. Digər tərəfdən Həsən Ruhani ayrılıqda həm Ermənistan prezidenti, həm də Azərbaycan prezidenti ilə görüşəcək və hər ikisi ilə Qarabağdan danışacaqdı. Azərbaycan prezidentinin buna ehtiyacı yoxdur. Onsuz da Həsən Ruhani Qarabağla bağlı bütün məsələlərdən xəbərdardır. Ermənistan prezidentinin daima İran prezidentlərinə yaltaqlanmağa ehtiyacı var, ona görə hər dəvətdə Tehrana qaçır. İran-Azərbaycan münasibətlərindən müəyyən suallar olsa da, bütün hallarda İranın bölgədə əsas ticarət tərəfdaşı Azərbaycandır, əsas layihələri Azərbaycanla reallaşdırır, Tehrana Astara-Rəşt dəmiryolunun tikitisi üçün pulu Ermənistan yox məhz Azərbaycan verir və s. Ona görə də Ermənistan prezidenti istəyir ömrü boyu İran prezidentlərinin andiçmə mərasimlərində iştirak etsin, bu bölgədəki reallıqları dəyişməyəcək",-deyə politoloq bildirib.

E. Şahinoğlu qeyd edib ki, Türkmənistan prezidentinin Azərbaycana səfəri Ermənistanda da diqqətlə izlənilib: "Məsələ burasındadır ki, işğalçılıq siyasəti ucbatından əli bütün iri regional layihələrdən üzülən İrəvan gözünü türkmən qazına dikib. Ermənistan türkmən qazını İrandan alaraq Gürcüstan üzərindən Avropaya çatdırmaq istəyir. Bu ideyanın utopik olmasına baxmayaraq, İrəvan ümidini itirmir. Məsələn Ermənistan prezidenti Serj Sərkisyan İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirakından istifadə edərək iranlı həmkarı ilə söhbətində İran-Türkmənistan-Ermənistan fomatından da söz açıb. Bu formatın yeganə hədəfi qazdır.

Bundan əvvəl isə Ermənistanın baş naziri Karen Karapetyan bu ilin yanvarının eyni günündə həm İranın, həm də Türkmənistanın İrəvandakı səfirləri ilə görüşüb. Böyük ehtimalla mövzu yenə eyni olub. Türkmənistan qazının İran və Ermənistan üzərindən Avropaya daşınması ideyası utopiya olsa da, rəsmi Bakı diplomatik kanallarla Aşqabad, Tehran və yaxın müttəfiqi Tiflisə mesaj göndərməlidir ki, Azərbaycanın maraqlarının əleyhinə addım atmasınlar. Azərbaycanın maraqlarını isə onlar yaxşı dərk edirlər - Ermənistan işğala son qoymayana qədər bütün regional layihələrdən təcrid olunmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top