Əli Həsənov hər gün işə çıxırmı? - İşçisindən açıqlama

Paytaxtın Heydər Əliyev prospektində "Mercedes Gelandewagen" markalı avtomobillə törədilmiş dəhşətli qəza gündəmdən düşmür. Hadisə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnib. Qəza zamanı "Gelandewagen" markalı avtomobildə olan Mehdi Əliyev və piyada Vaqif Əsədov hadisə yerində keçiniblər. Hadisə baş verən zaman yol kənarında dayanan Türkiyə vətəndaşları - Mutallib Tekiş və Songül Tekiş isə ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

"Yeniavaz.com" xatırladır ki, hadisənin gündəmdən düşməməsinin, müzakirələrə səbəb olmasının bir səbəbi də qəzanı törədən şəxsin - baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi olmasıdır.

Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi ağır qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Onun özü isə həbs olunub.

Artıq neçə gündür bu məsələ ilə bağlı sosial şəbəkələrdə də müzakirələr gedir, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da qınanır, onun işdən çıxarılacağı barədə şərhlər yazılır və s.

Qeyd edək ki, bu hadisədən sonra Əli Həsənov tədbirlərdə və s. hələ ki, jurnalistlər qarşısına çıxmayıb. Hadisə ilə bağlı isə gununsesi.az saytına açıqlamasında: "Mən heç nə danışmaq istəmirəm. Hüququ ölkədə məsuliyyət fərdidir. Başqa deyəcəyim bir şey yoxdur",-deyib.

Onu da əlavə edək ki, bu hadisədən xeyli əvvəl Əli Həsənov başqa bir nəfərin övladının törətdiyi hadisəyə münasibət bildirərkən aqressiv şəkildə: "Mənim də övladım var. Tanıyırsınız? Eşitmisiniz? Eşitməmisiniz, tanımırsınız ki? Hər kəs zəhmət çəksin övladı ilə məşğul olsun",-demişdi.

Bəs hazırda Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov işə çıxırmı? Əhvalı necədir? Bununla bağlı "Yeniavaz.com" saytının suallarını Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elçin Qədimov cavablandırıb. E. Qədimovun sözlərinə görə, Əli Həsənov hər gün işinin başındadır: "Əli müəllim hər gün işdədir. Əvvəlki qaydada işinə davam edir".

E. Qədimov bildirib ki, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsində iş hər gün öz qaydasında davam edir, görüşlər keçirilir, hər hansı qəbul təxirə salınmayıb: "Əli müəllim də öz növbəsində hər gün işdədir. Bax elə indi sizinlə ətraflı danışa bilmirəm, çünki qonaqlar var, onlarla görüşə düşürəm. Bir daha vurğulayıram ki, Əli Həsənov hər gün işindədir. Bu dəqiqə də işdədir, işinin başındadır. Türkiyədən qonaqlar var, hazırda onlarla görüş keçirilir. Elə indi mən də tədbirin keçiriləcəyi salona düşürəm. Əli müəllim əvvəlki kimi hər gün işə gəlir, iş vaxtı bitəndə də gedir. Səhər saat 8-dən axşam saat 6-dək işdədir. Ətraflı danışa bilmirəm, xahiş edirəm, üzürlü sayın".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top