Dünyada ən ucuz və ən bahalı uşaq bağçaları: Azərbaycan neçənci sıradadır?

Son zamanlar ölkədə, xüsusəndə paytaxt Bakıda özəl uşaq bağçalarının sayı sürətlə artmaqdadır. Şəhərin əksər yerlərində yeni açılan uşaq bağçalarına rast gəlmək mümkündür. "Yeniavaz.com" xəbər verir ki, hətta vaxtı ilə şadlıq evi kimi fəaliyyət göstərən obyektlərin, şəxsi evlərin belə təyinatını dəyişərək uşaq bağşasına çeviriblər. Özəl uşaq bağçalarındakı qiymətlər isə təqdim edilən xidmətlərdən asılı olaraq dəyişməkdədir. Apardığımız araşdırma göstərir ki, hazırda özəl üşaq bağçalarıda aylıq ödənişin ən aşağı həddi 300-400 manatdan başlayır. Dövlət büdcəsindən maliyyələşən bağçalarda isə qeyri-rəsmi ödənişlər mövcuddur. Bu cür qeyri-rəsmi ödənişlər isə hər ay üçün ən azı 50-100 manat arasında dəyişir.

Məşhur "numbeo.com" saytı ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən uşaq bağçalarındakı mövcud qiymətləri araşdırıb. Həmin araşdırmanın nəticəsinə görə, Azərbaycanda uşaq bağçaları üçün aylıq ödənişin orta məbləği 325 manat və ya 192 dollar təşkil edir. Bu göstərici region ölkələri arasında Türkiyə və Rusiyadan sonra ən yüksək göstərici hesab olunur. Müqayisə üçün qeyd edək ki, Türkiyədə uşaq bağçaları üçün aylıq ödənişin orta məbləği 443 dollar, Rusiyada isə 363 dollar olub. Digər region ölkələrindən Ermənistanda uşaq bağçaları üçün aylıq ödənişin orta məbləği 159 dollar, Gürcüstanda 149 dollar, İranda isə 137 dollar təşkil edir.

Ümumiyyətlə isə dünyada ən ucuz uşaq bağçalarının Venesuela və Şri Lankda fəaliyyət göstərdiyi qeyd olunur. Bu ölkələrdə uşaq bağçaları üçün aylıq ödənişin orta məbləği müvafiq olaraq 30 və 38 dollara bərabərdir. Ən bahalı uşaq bağçaları isə İsveçra və Hollandiyadadır. İsveçrada uşaq bağçaları üçün aylıq ödənişin orta məbləği 2 min 121 dollar, Hollandiyada isə 1662 dollar təşkil edir.

İnkişaf etmiş Avropa ölkələri arasında ən ucuz uşaq bağçalarının Norveçdə olduğu bildirilir. Norveçdə uşaq bağçaları üçün aylıq ödənişin orta məbləği 352 dollara bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top